Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyinin təşkilatçılığı və ABŞ-Azərbaycan Ticarət Palatasının dəstəyi ilə Vaşinqtonun tarixi binlarından olan və ictimai siyasi tədbirlərin keçirildiyi məkan Meridian Beynəlxalq Mərkəzində ( Meridian İnternational Center) “Azərbaycan Mədəniyyət Gecəsi” adlı caz konserti və qəbul keçirilib.
Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyindən “Report”a verilən məlumata görə, ABŞ-da səfərdə olan Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov və rəhbərlik etdiyi nümayəndə heyəti də tədbirə qatılıb. Tədbirdə ABŞ ictimai siyasi dairələrinin, diplomatik korpusun, beyin mərkəzlərinin nümayəndələri, Azərbaycan icmasının üzvləri və yerli amerikalılar iştirak edib.
Tədbiri giriş sözü ilə açan səfir Xəzər İbrahim zəngin mədəniyyətə malik Azərbaycanda musiqiyə verilən dəyərdən, milli musiqimizin qorunub saxlanılması ilə yanaşı, müasir və dünya musiqisi, o cümlədən caz musiqisinin ölkəmizdə geniş yayılmasından bəhs etmiş və bu sahənin peşəkarlarından söhbət açıb.
Mədəniyyət naziri Anar Kərimov Azərbaycanın zəngin mədəniyyətinin bir hissəsi olan musiqidən bəhs etmiş və dünya caz həftəsinə təsadüfən edən tədbir kontekstində ölkəmizdə caz ənənələri, onun tarixi, xüsusilə də 1960-70-ci illərdən başlayaraq Azərbaycanın Qafqazın caz mərkəzinə çevrilməsi, Vaqif Mustafazadə, Əzizə Mustafazadə kimi əvəzedilməz caz ifaçılarının yetişməsini vurğulanıb. A.Kərimov Qarabağın tarixən Azərbaycanın musiqi mərkəzi olması, bir sıra mötəbər musiqiçilərin məhz burada yetişməsini xüsusi qeyd edib.
Caz konsertində uzun illərdir ABŞ-da yaşayıb fəaliyyət göstərən peşəkar caz ifaçısı Əminə Fiqarovanın rəhbərlik etdiyi caz qrupu Azərbaycan musiqisinin motivlərindən ilhamlanaraq improvizə edilmiş etno-caz janrında musiqilər ifa edib. Konsertdə Vagif Mustafazadənin əsərləri üstünlük təşkil etmişdir. Musiqiçilərin özünəməxsus tərzdə ifa etdiyi “Laçın” musiqi parçası isə konsert iştirakçıları tərəfindən xüsusilə bəyənilmiş və sürəkli alqışlarla müşahidə olunub.
Konsertdən sonra qəbul zamanı qonaqlara Azərbaycan mətbəxinin ləziz təamları təqdim edilib.