Rusiya Azərbaycan Gənclər Birliyi (AMOR) İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (MDTU) dəstəyi ilə Moskvada “Qanın milləti yoxdur” adlı növbəti xeyriyyə aksiyası keçirib.
“Report” “Rossiya dlya vsex” nəşrinə istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, AMOR-un sədri Leyla Əliyevanın təşəbbüsü ilə təşkil edilən humanitar tədbir MDTU-nun Kliniki transfuziologiya və hematologiya kafedrasında baş tutub.
AMOR-un nəzarət-təftiş komissiyasının üzvü, tibb elmləri namizədi Samir Əliyev bildirib ki, Birlik hər il iyunun 14-də, Ümumdünya donor günündə qan verilməsi üzrə aksiya təşkil edir, ancaq bu dəfə qan xəstəliklərindən əziyyət çəkənlərə yardım edilməsiylə bağlı çoxsaylı məktubların alınması səbəbindən aksiyanın noyabrın 9-da keçirilməsinə qərar verilib.
Onun sözlərinə görə, müraciət edənlərin əksəriyyəti donor qana ehtiyac duyan uşaqlar olub.
Hemofiliya və başqa qan xəstəlikləri olan xəstələr üçün keçirilmiş aksiyada 50-dən çox insan iştirak edib. Aksiyada həm azərbaycanlılar, həm də Malayziya, Özbəkistan, Gürcüstan və digər ölkələrdən əcnəbi tələbələr iştirak edib.
Qeyd edək ki, “Qanın milləti yoxdur” donor aksiyası təkcə Moskvada yox, Rusiya Federasiyasının başqa bölgələrində də keçirilir. Hər il aksiyalarda minlərlə gənc iştirak edir, toplanmış vəsait xəstə uşaqların müalicəsinə yönəldilir.
Check Also
Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib
Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …