Dövriyyədə saxta 100 manatlıq əsginaslar dolaşır. Bunu əks etdirən görüntülər sosial şəbəkədə yayılıb.
Bildirilir ki, saxta pullar əslindən çox çətin fərqlənir. Sadəcə, saxta pulu işığa tutarkən xəritənin üzərində əks olunmalı olan manat nişanı yoxdur. Bu pulun saxta olması daha çox xüsusi aparatda bilinir.
Xezerxeber.az-ın məlumatına görə, dövriyyəyə buraxıldığı iddia edilən 100 manatlıq saxta əsginaslarla rastlaşan olmasa da, həqiqi pulu müəyyən etməkdə çətinlik çəkənlər var.
Həqiqi əsginasları müəyyən etməyin bir neçə üsulu var. İlk növbədə bilmək lazımdır ki, 100 manat nominallı əsginasın xüsusi mühafizə sistemləri mövcuddur. I və II dərəcəli mühafizə elementlərini adi gözlə görmək mümkündür. Əsginasın üz hissəsində pulun dəyəri gizli formada qeyd olunub.
Əsginasın sol aşağı küncündə 100 rəqəmi müxtəlif bucaqlardan: tünd qırmızı ilə yaşıl rəng arasında dəyişməlidir. Pulu işığa tutarkən onun sol tərəfində manat işarəsi, əsginasın dəyəri, “manat” yazısı və su nişanı görünməlidir.
Əsginasdakı İçərişəhər saray kompleksinin qala divarında ayrı-ayrı kərpicləri, yanındakı binada isə “Azərbaycan” mikromətnini görmək mümkündür. Sağ aşağı küncündə Azərbaycanın xəritəsi və 100 rəqəmi əks olunan holoqram görünür. Sağ yuxarı küncdə isə 100 rəqəminə və sağda şaquli “YÜZ MANAT” yazısına toxunduqda onların relyefliyini hiss etmək olur.
Pulun sağ yuxarı küncündə AMB yazısı var ki, onu xüsusi avadanlıq vasitəsilə görmək mümkündür. Digər əsginaslardan fərqli olaraq 100 manatlıq kağız pullarda ikinci AMB yazısı da var. Bu yazı rənglidir və əsginasın sol tərəfində yerləşir.
Ultrabənövşəyi işıq altında 100 manatlıq əsginas belə görünür: 100 manatın əks tərəfində, orta hissədə adi gözlə metal sapın üzərində “manat” yazısı var. Müxtəlif bucaqlardan baxdıqda isə sağ tərəfdə iki xətt – bənövşəyi və yasəmən rəngli xətlər görmək mümkündür.
III və IV dərəcəli mühafizə elementlərini yalnız xüsusi avadanlığın köməyi ilə görmək mümkündür. III dərəcəli mühafizə elementi banklar üçün, IV dərəcəli isə yalnız Mərkəzi Bank üçün nəzərdə tutulub.
Qeyd edək ki, 100 manat nominallı əsginasların uzunluğu 155 mm, eni isə 70 mm-dir.
boyukmillet.com mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: