Cümə , 22 Noyabr 2024
Drone Cameras

Telman Tahirli: “Rusiya azərbaycanlıları bilməlidirlər ki…”

“Çoxu elə bilir ki, diaspor təşkilatı pul qazanmağa yaxşı platformadır, amma…”

Boyukmillet.com Dərbənd Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin sədri Telman Tahirlinin Diaspornews.az“a müsahibəsini təqdim edir:

  -Telman müəllim, biz sizi təkcə dispor təşkilatı sədri kimi deyil, həm də bir jurnalist, tərcüməçi olaraq tanıyırıq. Amma istərdik oxucularımız da sizin özünüz və fəaliyyətiniz haqda məlumatlı olsun…
-Mən, Hacəliyev Telman Tahir oğlu – azərbaycanlıyam, 14 yanvar 1978-ci ildə Dərbənd şəhərində anadan olmuşam (ədəbi təxəllüsüm Telman Tahirli).  Valideynlərimin  yurdu  Azərbaycanın Quba rayonudur.
1984-1993-cü illərdə Dərbənddəki 6 saylı dəmiryol internat məktəbində təhsil almışam.
1993-1997-ci illərdə Dağıstan-Türk Kollecində təhsilini davam etdirmişəm.
1998-2003-cü illərdə Dərbənd İncəsənət və Mədəniyyət İnstitutunda təhsil almışam (iqtisadçı-menecer ixtisası üzrə).
Media sahəsində 20 ildən çox təcrübəm var. Məktəbli ikən yerli və respublika mətbuatında çap olunmuşam, 1993-cü ildən “Dağıstan” Dövlət Teleradio Şirkətində ştatdankənar radio müxbiri, “Dərbənd xəbərləri”, “Dərbənd” və s. qəzetlərlə əməkdaşlıq etmişəm. Məktəbi bitirdikdən sonra Moskvaya köçmüşəm. 2003-2013-cü illərdə “Azerros” Media Holdinqinin Dağıstan üzrə  müxbiri olmuşam.
2013-cü ildən  “Dərbənd” qəzetində  tərcüməçi, müxbir, şöbə redaktoru vəzifələrində çalışmışam. 2015-ci ildən indiyədək Dərbənd Azərbaycanlılarının Milli Mədəni Muxtariyyətinin sədriyəm. 2016-cı ildən Dağıstan Respublikası Xalq Məclisinin deputatının köməkçisi olmuşam. 2021-ci ildə   “Dərbənd Rayonu” İcra hakiməyyətində  mədəniyyət, gənclər siyasəti, idman və turizm şöbəsinin müdiri vəzifəsində çalışmışam. 2022-ci ildən isə “Azərbaycan Dövlət Dram Teatrı”nda  ədəbi-dramaturqiya  şöbəsinin  rəhbəriyəm.
Türk, rus, azərbaycan  dillərindən 20-dən çox pyes tərcümə etmişəm. 2013-cü ildə “Qafqaz Media” diplomu, 2015-ci ildə “Peşəkar Jurnalist”, 2013-cü ildə Ağa Musa Nağıyeva Fondunun diplomu, Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinin, Dağıstan Respublikasının Milli Siyasət və Dini İşlər Nazirliyinin və Dağıstan Respublikası Mədəniyyət Nazirliyinin təşəkkürləri, diplomları və medalları  ilə təltif olunmuşam.
2015 –ci  il, Dərbənd şəhərinin 2000 illik yubileyində  Dağıstanın əməkdar artistlərinin iştirakı ilə aparıcı aktyor kimi Dağıstan xalqlarının dillərində “Qədim Dərbənd əfsanələri” sənədli filmində azərbaycan dilində baş  rolu oynamışam. Dağıstan Dövlət Teleradio şirkətində film nümayiş olunmuşdu.  Rusiya Jurnalistlər İttifaqının, Beynəlxalq Jurnalistlər Federasiyasının üzvüyəm. İngilis, Azərbaycan və Türk dillərini mükəmməl bilirəm. Ailəliyəm, iki oğlum  var.

-Azərbaycanı Dağıstanda necə tanıdırsız?
-Mənim atam Tahir Saleh, Sovet vaxtı Dağıstanın Dövlət Teleradio Şirkətində 15-ildən çox  Azərbaycan  dili verilişlərində baş redaktor işləyib. Atam o vaxtdan bu günədək  Azərbaycanı Dağıstana tanıdır. Mən isə onun davamçısıyam.

Biz hər il, “Dərbənd” Azərbaycanlıların milli-mədəni muxtariyyətinin üzvləri ilə birlikdə illik plan qururuq və planımıza  əsasən işləyirik. İllik planımızda: Yeni İl bayramı, Qadınlar günü, Faşizm üzərində Qələbə günü, Respublika günü (mayın 28-i), Azərbaycan xalqının Milli Qurtuluş günü (iyunun 15-i), Dövlət müstəqilliyinin bərpası günü (oktyabrın 18-i); Zəfər Günü (noyabrın 8-i), Azərbaycan Respublikasının Dövlət Bayrağı günü (noyabrın 9-u); Dünya Azərbaycanlılarının Həmrəyliyi günü (dekabrın 31-i); Novruz bayramı; Qurban bayramı, Ramazan bayramı və s. tədbirlər yer almaqdadır.
Çalışırıq  Dağıstan mətbuatında  Azərbaycanla bağlı tədbirləri işıqlandıraq. Təəssüf ki, bizə bu işlərdə yardımçı olan yoxdur. Tədbirlərin  xərclərini özüm çəkirəm. Demək istəyirəm ki, mən bizneslə məşğul  deyiləm, maaşa yaşayan adamam, amma çoxu elə bilir ki, diaspor  təşkilatı  pul qazanmağa yaxşı platformadır, amma bu düzgün deyil.
Buna baxmayaraq həvəsdən düşmürəm və işimə davam edirəm.

-Dövlət qurumları ilə əməkdaşlıq edirsizmi?
-Mən Dərbənd şəhər başçısının yanında millətlərarası məclisinin üzvüyəm. Şəhərin bütün tədbirlərində iştirak edirik və onlarda bizim tədbirlərimizə gəlir. Dağıstanın hər bir dövlət məmuru ilə əlaqələrimiz var. İstəyərdik bu əlaqələrimiz bizim vətənimizlə də, daha geniş olsun. Rusiya azərbaycanlıları bilməlidirlər ki, Dərbənd şəhəri ən strateji yerdir. Buradan, heç olmasa bir azərbaycanlı Rusiyanın Dövlət dumasına deputat keçməlidir. Çünki, buradakı azərbaycanlılar yerli-köklü millətdir. Biz bir olsaq, bizdə hər şey alınar.

  -Perspektivdə nə kimi tədbirlər nəzərdə tutulub?
-İnşallah, qarşıda gələn 28 may –Respublika Günümüzü təntənə ilə keçirəcəyik. Dağıstanın Azərbaycan Dövlət dram teatrı ilə birlikdə  24-30 may tarixlərində Rusiyanın Abakan şəhərinə qastrola hazırlaşırıq, orada iki tamaşa və  “Gülüstan” konsert proqramı ilə çıxış edəcəyik.
Bizə vaxt ayırdığınıza görə  təşəkkürümüzü bildiririk.

Biz “Diaspornews.az”  saytını həvəslə  oxuyuruq.

image-img_20220515_064344_666
image-img_20220515_064426_299
image-img_20220515_064441_680
image-img_20220515_064432_695

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …