Cümə , 27 Dekabr 2024
Drone Cameras

DSMF-nin Neftçalada yeni binası istifadəyə verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli qurumlarında iş və vətəndaşlara xidmət şəraitinin müasir tələblər səviyyəsində qurulması tədbirlərinin davamı olaraq, nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Neftçala rayon şöbəsinin yeni inzibati binası istifadəyə verilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun direktoru Zakir Babayev, Neftçala rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Z.Babayev sosial cəhətdən həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsinin Azərbaycan Prezidenti cənab İlham Əliyevin sosial siyasətində mühüm yer tutduğunu vurğulayıb. Bu istiqamətdə əldə edilmiş nailiyyətləri diqqətə çatdıran Z.Babayev əmək pensiyalarının, müavinətlərin, təqaüdlərin cari ildə də növbəti dəfə artırıldığını qeyd edib: “Eyni zamanda sosial sığorta daxilolmalarında artım tendensiyası davam edir. Bunun təzahürü kimi, Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,8 faiz artıb. Fərdi uçot sisteminin əhatə dairəsi də genişlənir. İndi bu sistemdə 3 336 912 nəfər vətəndaş qeydiyyatdadır ki, bu da cari ilin əvvəli ilə müqayisədə 156 758 nəfər çoxdur. Digər müsbət amil kimi, sosial sığorta haqqı üzrə daxilolmaların artım səviyyəsi pensiya və müavinətlərin hər ay qrafik üzrə maliyyələşdirilməsini təmin etməyə imkan yaradıb”.

Fondun direktoru bildirib ki, müvafiq fəaliyyət sahələri üzrə vətəndaşlara müasir tələblərə cavab verən səviyyədə xidmətin təşkili də diqqətdə saxlanır: “Ölkənin sığorta-pensiya sisteminin qabaqcıl beynəlxalq standartlara uyğun qurulmuş avtomatlaşdırılmış infrastrukturu bu sahədə əhaliyə elektron müstəvidə xidmətlər göstərməyə imkan verib. Hazırda sığorta və pensiya münasibətləri, sosial yardım, müavinət və təqaüdlərlə bağlı elektron xidmətlər vətəndaşların xidmətindədir. Həmin e-xidmətlər qeyd olunan sahələrdə məmur-vətəndaş təmaslarının əhəmiyyətli şəkildə azalmasına, əhalinin şəffaf xidmətlərlə təminatına səbəb olub”.

Fondun departament və rayon (şəhər) şöbələrinin böyük əksəriyyətinin son illərdə yeni inzibati binalarla təmin olunduqlarını qeyd edən Z.Babayev bildirib ki, onların hər birində əməkdaşlar üçün beynəlxalq standartlara uyğun iş şəraiti yaradılıb. Ümumi fəaliyyət informasiya texnologiyalarının geniş tətbiqi şəraitində təşkil edildiyindən əməkdaşlar bunun üçün lazımi avadanlıqlarla təchiz ediliblər. Hazırda istifadəyə verilən yeni inzibati binada da bu işlər görülüb, xüsusilə vətəndaşlara müasir tələblər səviyyəsində xidmət göstərmək üçün şəraitin yaradılması təmin olunub. Belə iş yerlərinin yaradılması isə fəaliyyətin səmərəliliyinin artırılmasına öz müsbət təsirini göstərir.

Tədbir iştirakçıları binada əməkdaşların fəaliyyəti və vətəndaşlara yüksək səviyyədə xidmətin göstərilməsi üçün yaradılmış şəraitlə tanış olub, əməliyyatların avtomatlaşdırılmış formada aparılması üçün qurulmuş elektron sistemin fəaliyyətini nəzərdən keçiriblər. Fondun əməkdaşları onlar üçün müasir tələblərə uyğun iş şəraitinin yaradılmasından razılıqlarını ifadə edib, əhaliyə daim yüksək səviyyədə xidmət göstərilməsi üçün səy göstərəcəklərini vurğulayıblar.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir