Cümə axşamı , 26 Dekabr 2024
Drone Cameras

Əhəd Abıyev səhvini etiraf etmək əvəzinə, jurnalistləri təhqir etdi – Buna onun nə mənəvi, nə də hüquqi haqqı çatır

Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin 9 noyabr tarixində keçirilmiş tədbirdə Ermənistan bayrağı əvəzinə Kolumbiya bayrağının maketini sındırması barədə söz-söhbətlər cəmiyyətdə ciddi müzakirələrə səbəb olub. Qeyd edək ki, həmin tədbirdə Əhəd Abıyevin sındırdığı şifer parçasının araşdırılması zamanı məlum olub ki, onun üzərindəki simvolikalar Ermənistan bayrağına deyil, Kolumbiya bayrağına uyğun gəlib. Bun sübut etmək o qədər də çətin deyil. Çünki ortada foto və videolar var. Ola bilər ki, Əhəd Abıyev Ermənistan bayrağı ilə Kolumbiya bayrağını seçmək iqtidarında olmasın və nəyə gəldi yumruq atsın. Hesab edirik ki, bu barədə tədbirin təşkilatçıları bir qədər diqqətli olmalıydı. Ən diqqət çəkən və utandırıcı məqamlardan biri isə Əhəd Abıyevin məsələyə bildirdiyi münasibətlə bağlıdır. Yenə öz ampulasına sadiq qalan başçı bu barədə məlumat yayan jurnalistləri və ictimai fəalları təhqir etməkdən belə çəkinməyib.
İcra başçısı Modern.az-a açıqlamasında deyib ki, yazılanların hamısı yalandır:
“Tədbirdə belə bir səhnə olacağını bilmirdim. Tribunadan eşitdim ki, mərasimə erməni bayrağı gətiriləcək və ayaq altına atılıb tapdalanacaq. Mən də dedim ki, bayrağı saxlayın gəlirəm. Tribunadan düşdüm və bayrağı əksinə çevirdim. Elə təsəvvür etdim ki, ermənidir, başını aşağı, ayaqlarını göydə tutmuşam. Bir yumruq da onun nəzərdə tutduğum yerindən vurdum. Maket iki yerə bölündü. Doğrudur, barmaqlarım sınıb, rentgendən keçdim. Amma ciddi bir şey yoxdur”.
İcra başçısı deyib ki, Kolumbiya bayrağından söhbət gedə bilməz:
“O səhnəni görməyənlər eynək taxıb yaxşı-yaxşı baxsınlar. Kim bu hadisəni belə bəzəyib-düzəyib, bilmirəm. Amma söhbət mənim önümə gətirilən erməni bayrağından gedir. İndi bilmirəm Azərbaycanda erməni bayrağının müdafiəsinə qalxan, qanında erməni qanı olan, evində erməni yatızdıran kimlərdir… Hesab edirəm ki, bilərəkdən belə şayiələr yayır, panika yaradırlar.
Yenə deyirəm, o bayraq erməni bayrağı idi, mən də yaxşı eləmişəm, əcəb eləyib sındırmışam.
Mən müharibə iştirakçısıyam, Qarabağda döyüşmüşəm. O an gözümün qabağına Xocalını gətirdim, azərbaycanlı qadınların boğazına bayrağımızı asıb boğduqlarını gətirdim. O şəkillər məndə var. Şərəfsizlər, alçaqlar bunu demirlər, siyasi oyunbazlıq edirlər. Mən buna siyasi oyunbazlıq deyirəm və bildirirəm ki, bu panikanı yayanlar erməninin tərəfində olanlardır. O şiferin üstündəki əsl erməni bayrağı idi. Daşkəsənin özündə 120 nəfərə qədər erməni qadını var, qohumlarının hamısı Ermənistandadır. İndi də bizə deyirlər ki, “sizin arvadınızıq, sizin qulluqçunuzuq, sizə xidmət edirik.
Baxın o xəbəri yayanlar da ermənidir. Dünəndən Bakıdakı ermənilər od tutub yanırlar”.
Əhəd Abıyevin düşmənimiz olan ermənilərə bəslədiyi kini- küdrəti alqışlayırıq. Ancaq onun nəzərinə çatdırırq ki, o bir dövlət adamıdır, nəyi necə etdiyinin dəqiqliyilə fərqinə varmalıdır ki, sonra gülünc obyektinə çevrilməsin. İş burasındadır ki, deyilən bayraqları tərsinə çevirməklə yenə iş bitmir. Onda da Əhəd Abıyevin istədiyi nəticə alınmır. Yaxşı olar ki, bu məsələni bir qədər ətarflı araşdırsın. Bir də, Əhəd Abıyevin nəzrinə çatdırmaq istəyirik ki, özündən psevdovətənpərvər düzəltməklə başqalarını təhqir etməsin. Buna onun nə mənəvi, nə də hüquqi haqqı çatır. Bilsin ki, həmin mövzu ilə bağlı doğru mövqe sərgiləyən jurnalistlər, ictimai fəallar Vətəni, Milləti, Dövləti heç də ondan az sevənlər deyil. Cəmiyyətdə ictimai nəzarət funksiyasını həyata keçirmək jurnalistikanın üzərinə düşən bir vəzifədir. Biz və digər həmkarlarımız da məhz bu prizmadan çıxış etmişik. Azərbyacan elə də böyük ölkə deyil. Hamı, o cümlədən biz kimin hansı yuvanın quşu olduğunu gözəl bilirik. Ona görə də, Əhəd Abıyevə və onun jurnalistləri, ictimai fəalları aşağılayan , təhqir edən münasibətini nələrinsə müqabilində olduğu kimi tirajlayan KİV-ə bir qədər diqqətli, nəzakətli, obyektiv olmağı məsələhət görürük.
P.S. Yaxşı olardı ki, Əhəd Abıyev nəyə yumruq atdığına bir daha yaxşı-yaxşı nəzər yetirsin.

 

azinforum.az

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir