Türk Dünyası Bakı Atatürk Liseyinin 30-cu məzuniyyət mərasimi keçirilib.
Boyukmillet.com xəbər verir ki, tədbir Azərbaycan Dövlət Akademik Musiqili Teatrında baş tutub.
Tədbirdə şəhidlərin xatirəsinin anılması, Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı, Türk Dünyası Araşdırmaları Vəqfinin sədri, professor Közhan Yazgan, Azərbaycan və Türkiyənin deputatları, ictimaiyyət nümayəndələri, Bakı Atatürk Liseyinin müəllim və şagird heyəti, eyni zamanda liseydə təhsil alan şagirdlərin valideynləri iştirak ediblər.
Səfir Cahit Bağcı Türk dünyası Atatürk Liseyində təhsil alan və məzun olan şagirdləri təbrik edib, gənclərin Azərbaycan və Türkiyə münasibətlərindəki gələcək rolundan danışıb: “Azərbaycan-Türkiyə münasibətlərinin gələcək inkişafında bugünkü gənclərin rolu çox böyükdür. Bakı Atatürk Liseyinin məzunlarını bu gün münasibətilə təbrik edir, onlara sağlamlıq, gələcək fəaliyyətlərində uğurlar arzulayıram. Əminəm ki, bu gənclər türk dünyası üçün layiqli vətəndaş olacaqlar”.
Tədbirdə bu ilin məzunları olan şagirdlər rəqslər nümayiş etdirib və şeirlər söyləyiblər.
Sonda Türkiyə səfiri və xanımı məzunlara hədiyyələr təqdim edib.
Qeyd edək ki, Türk Dünyası Bakı Atatürk Liseyi Türk Dünyası Araşdırmaları Vəqfinin (TDAV) təsisçiliyi və Azərbaycan Nazirlər Kabinetinin qərarı ilə 1992-ci ildə açılıb.