Novxanıda istirahət mərkəzində iki kişi qısqanclıq zəminində bıçaqlanıb.
Bu barədə Sumqayıt Şəhər Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, iyunun 6-ı saat 01 radələrində Sumqayıt şəhəri, Novxanı qəsəbəsində yerləşən istirahət mərkəzində iki şəxsə bıçaqla xəsarət yetirilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Aparılan araşdırmalarla qeyd edilən istirahət mərkəzində Sədulla Sərdari və Ramiz Yarəliyevin qısqanclıq zəminində aralarında yaranan mübahisə zamanı orada istirahətə gələn Həmid Abulov və Namid Əliyevə bıçaqla xəsarətlər yetirərək qəsdən öldürülmələrinə cəhd edilməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd etmə) maddəsi ilə cinayət işi başlanılıb.
Ramiz Yarəliyev və Sədulla Sərdari şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunublar.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.