Ermənistanın diasporla iş üzrə ali komissarı Zareh Sinanyanın Los-Ancelesdə erməni icması ilə görüşü alınmayıb. Sinanyanı “vətən xaini” adlandıran erməni icması onu ABŞ-da etirazla qarşılayıb. İnternetdə yayılan görüntülərdən məlum olur ki, Sinanyan iclasın keçiriləcəyi zala daxil olan zaman iştirakçılar onu fitə basaraq, “Zareh, satqın” və bu kimi şüarlarla qarşılayıblar.
Tədbirin təşkilatçısı erməniləri sakitləşdirməyə çalışsa da, xaotik durumun qarşısını almaq mümkün olmayıb. Biabırçı mənzərə ilə qarşılaşan Zareh Sinanyan dərhal zalı tərk edib. Daha sonra etirazçı ermənilərlə Sinanyanın bir qrup tərəfdarı arasında əlbəyaxa dava düşüb.
Qeyd edək ki, Ermənistanın diasporla iş üzrə ali komissarı Zareh Sinanyan ABŞ-ın Qlendeyl şəhərinin keçmiş meri olub. Ermənistanda Diasporla İş üzrə Nazirlik ləğv edildikdən sonra 2019-cu ildə Diaspor məsələləri üzrə komissar vəzifəsi təsis edilib və Sinanyan bu vəzifəyə gətirilib.
Baş verən hadisə göstərir ki, Ermənistan hakimiyyəti ilə dünyadakı erməni diasporu arasında kəskin ziddiyyət hökm sürür. Bunun səbəbini nə ilə izah edə bilərik?
Diaspor fəaliyyətində kifayət qədər təcrübəsi olan İctimai Siyasi Proseslər Beynəlxalq Əlaqələr Mərkəzinin (İSBAM) rəhbəri Samir Adıgözəlli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, dünyada güclü təşkilatlanmış erməni diasporunun Ermənistan dövlətinin idarə edilməsində müstəsna rolu var: “Onlar bu işə həm maddi, həm də kadr potensialı ilə köməklik göstərirlər. Uzun illərdi ki, Ermənistanın Qarabağla bağlı apardığı yalan siyasət erməni diasporu tərəfindən dəstəklənir və təbliğ edilir. 44 günlük müharibədən sonra onlar Paşinyanı qəbul etmir. Hesab edirlər ki, Paşinyan ümumerməni maraqlarına xəyanət edib. Bugünlərdə ermənilərin çoxluq təşkil etdiyi dünyanın bir sıra şəhərlərdə mütəmadi olaraq mitinqlər və yürüşlər keçirilir. Həmin mitinq və yürüşlər zamanı diaspordakı ermənilər Nikol Paşinyanın və onun komandasının istefasını tələb edirlər, İrəvandakı aksiyalara öz dəstəklərini bildirirlər.
Ermənistan hakimiyyəti bütün mümkün vasitələrlə hökumət əleyhinə hərəkətlərin, xüsusən də anti-Paşinyan çağırışlarının qarşısını almaq üçün Ermənistanın böyük erməni icmalarının yaşadığı ölkələrdəki səfirliklərinə, konsulluqlarına, eləcə də diplomatik nümayəndəliklərinə xüsusi göstəriş göndərib. Etiraz dalğasının dayandırılması prosesinə erməni diasporunun nüfuzlu şəxslərinin, habelə erməni icmasının rəhbərlərinin də cəlb edilməsinə cəhd edilsə də, bütün cəhdlər nəticəsiz qalıb. Zareh Sinanyan səfəri çərçivəsində Ermənistana müəyyən investisiyalar gətirmək üçün iş adamları ilə həm fərdi, həm də qrup görüşləri keçirib. O, nəinki nəticə göstərmək, hətta Ermənistan hökumətinin diaspora etimadının olduğunu təqdim etmək üçün investisiya yatırmaq vədini zorla almağa çalışıb. Lakin diaspor nümayəndələri bundan qəti şəkildə imtina ediblər. Onların əksəriyyəti büdcəyə 107 milyon dollar köçürdükdən sonra Ermənistan hökumətinə, xüsusən də Ümumerməni Fonduna köçürülən pulların əksəriyyətinə inanmadıqlarını və heç nə etmək fikrində olmadıqlarını bildiriblər. Bundan başqa, diaspor nümayəndələri Ermənistan hakimiyyətinin fəaliyyətindən çox narazı olduqlarını qeyd edərək, pul köçürmələrini yalnız Ermənistanda hakimiyyət dəyişikliyindən sonra həyata keçirəcəklərini bildiriblər. Sinanyana müsbət münasibət bəsləyən bəziləri ona şəxsən deyiblər ki, yalnız Nikol Paşinyan getdiyi halda investisiya yatıracaqlar. Hazırda Ermənistan dövləti ilə onun dünyadakı diasporu arasında olan dərin ziddiyyətin kökündə məhz bu amillər durur”.
Məhəmmədəli QƏRİBLİ