Elman Sirac oğlu Rüstəmov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.
Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
O, Azərbaycan Respublikasında bank işinin inkişaf etdirilməsindəki xidmətlərinə görə mükafatlandırılıb.
Qeyd edək ki, E.Rüstəmov 1952-ci ildə Cəbrayıl rayonunda anadan olub. 1973-cü ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu “Xalq təsərrüfatının planlaşdırılması” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 1986-cı ildən iqtisad elmləri namizədidir. 1990-cı ildən 1992-ci ilədək Moskva şəhərində doktoranturada təhsil alıb. 1993-cü ildə iqtisad elmləri dokturu alimlik dərəcəsi alıb. İqtisadiyyat, maliyyə və bank işi üzrə çoxsaylı elmi məqalələrin və nəşrlərin müəllifidir. 1991-ci ildən 1992-ci ilədək Prezident Aparatında böyük məsləhətçi vəzifəsində işləyib.
1992-ci ilin dekabrında Azərbaycan Milli Bankı İdarə Heyəti sədrinin birinci müavini vəzifəsinə təyin edilib. 1995-ci ilin yanvarında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan Respublikası Azərbaycan Milli Bankı İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib. 28 aprel 2000-ci il, 11 aprel 2005-ci il, 6 aprel 2010-cu il, 9 aprel 2015-ci il və 16 aprel 2020-ci ildə Elman Rüstəmov 5 il müddətinə Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin üzvlüyünə və sədri vəzifəsinə təyin olunub. 12 aprel 2022-ci ildə Elman Rüstəmov Azərbaycan Mərkəzi Bankı İdarə Heyəti üzvlüyündən xaric edilib.
E.Rüstəmov 2007-ci ildə Azərbaycan Şahmat Federasiyasının sədri vəzifəsinə seçilib. Bu vəzifəni 2021-ci ilədək tutub.
Azərbaycanın Baş naziri Əli Əsədovun 13 aprel 2022-ci il tarixli sərəncamı ilə Elman Rüstəmov Baş nazirin müşaviri vəzifəsinə təyin olunub.