Tarixboyu igid, vətənsevər bir xalqın övladı olaraq həmişə şərəfli ölümlə fəxr etmişik. Ölümün gözünə dik baxa bildiyimiz üçün də bu Vətən, bu torpaq, bu yurd nə qədər faciələr yaşasa da, var olmaq haqqını itirməyib… Atalarımız Vətənimizin azadlığı üçün qılınc götürüb, zireh geyinəndə döyüş meydanında şərəfli ölümü, qəti qələbəni arzu ediblər özlərinə. Deyiblər ki, geriyə yol yoxdur, çünki Vətənimizin hər bir qarışında bir şəhid qanı var. Ulularımızın miras qoyub getdiyi əmanətə isə xəyanət etmək olmaz. Beləcə, yüz illər, min illər keçib, xalqımız şəhidləri ilə öz varlığını qoruyub, bu günlərə gəlib çatıb. İgid oğullarımızın qanı ilə sulanan Vətən torpağı qəhrəmanlarının sayəsində varlığını qoruya bilib. O oğullarımız ki onların qanı torpaqlarımız uğrunda tökülüb… Taleyinə şəhidlik zirvəsi yazılan, doğulduğu torpaqdan yüzlərlə kilometr uzaqda “Öncə Vətəndir”, – deyib canından keçən Toğrul Məmmədov da belə igid oğullarımızdan idi.
Toğrul Məmmədov 1988-ci ildə Babək rayonunun Şıxmahmud kəndində ziyalı ailəsində anadan olmuşdu. Orta təhsilinə kənd orta məktəbində başlayan Toğrulun ürəyi hər zaman Vətən eşqi ilə döyünürdü. Elə bu sevgi onun təhsilini 2002-ci ildən Heydər Əliyev adına Hərbi Liseydə davam
etdirməyinə səbəb olmuşdu. Liseydə təhsil aldığı illərdə nizam-intizamı və savadı ilə seçilən Toğrul 2005-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş və 2009-cu ildə oranı leytenant hərbi rütbəsi ilə bitirmişdi. Daha sonra Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim-Tədris Mərkəzində 1 illik ixtisasartırma kursu keçdikdən sonra Ağdam rayonunda yerləşən hərbi hissəyə taqım komandiri təyin edilmişdi.
Döyüş tapşırıqlarını uğurla yerinə yetirən gənc zabit 2014-cü ilin avqustunda düşmən təxribatının qarşısını alarkən yaralanır. Sağalandan sonra yenidən cəbhəyə qayıdır. 5 il cəbhə bölgəsində xidmət etdiyinə görə xidməti zərurətlə əlaqədar Bakı şəhərində yerləşən hərbi hissəyə təyin olunsa
da, cəmi 8 aydan sonra öz istəyi ilə döyüş bölgəsinə qayıdır. Bu, həmin vaxt idi ki, düşmən cəbhəboyu öz fəallığını artırmışdı. Belə bir vaxtda Bakıdan cəbhəyə qayıdan Toğrul Aprel döyüşlərində Ağdam istiqamətində düşmənə sarsıdıcı zərbələr endirən oğullardan biri idi. Dördgünlük zəfər yürüşündə iki mühüm strateji yüksəklik düşməndən azad edilmişdi. Həmin yüksəkliklərə Azərbaycan bayrağı sancıldı. Əlbəttə ki, heç bir zəfər, heç bir qalibiyyət itkisiz olmur. Həmin günlərdə qələbə zəfəri yaşamağımız xalqımızın bir an belə, düşünmədən canını Vətəni üçün qurban verməyə
hazır olan igid oğulları sayəsində mümkün oldu. Toğrul həmin döyüşdə heç bir xəsarət almamışdı, amma uzun müddət çiyin-çiyinə bir səngərdə döyüşdüyü çox yaxın dostu Nəciməddin Savalanov və gənc zabitin hərbi hissə komandiri Raquf Orucov döyüşlərdə şəhid olmuşdular. Ən yaxın silahdaşının və ona həm ata, həm də komandir olan Raqufun şəhidlik zirvəsinə ucalması Toğrula çox ağır təsir etmişdi. Onların dəfn mərasimində “Sizin qisasınızı alacağam”, – deyəndən cəmi 67 gün sonra, 2016-cı il 14 iyulda Ağdamda düşmən təxribatının qarşısını alarkən şəhid olur,
ölümsüzlüyə qovuşur. Xidməti vəzifəsini qüsursuz yerinə yetirən bir zabit kimi şəhadətindən bir saat öncə təltif olunmuşdu Toğrul – ona kapitan rütbəsi verilmişdi. Sevinmişdi, bütün yaxınlarına: “Növbəti məzuniyyətimə kapitan rütbəli zabit kimi gələcəyəm”, – deyə söz vermişdi. O, bu sevinci cəmi bircə saat yaşaya bildi. Mənfur düşmənin xain mərmisi bu sevinci yarımçıq qoydu… Aprel döyüşlərindən sonra məzuniyyətə gəlib, ata-anasının
məzarını ziyarət edib gedəndə bacısı və qardaşına “Gözünüz yolda qalmasın, tezliklə qəhrəman kimi qayıdacağam”, – demişdi Toğrul. Qəhrəman kimi də qayıtdı. Bir qardaşın yollara dikilən gözlərinə əbədi həsrət çökdü, bir bacının dilində qardaş kəlməsi dondu. Gedərkən dünya boyda sevinc
aparmışdı özüylə, qayıdanda Vətən bayrağına bələnib gəldi. Kapitan rütbəsini çiynində daşıya bilməsə də, xalqının onlarla oğlunun çiynində yola salındı son mənzilə. Yaşasaydı bu gün 31 yaşı olacaqdı. Yaşasaydı… Bu kəlmə çox sönük qalır onun ölümüylə yüksəldiyi zirvənin qarşısında. Çünkişəhidlik bütün yüksəklərdən ucada dayanan bir zirvədir. Bu zirvəyə qalxmaq yalnız müqəddəs amallar uğrunda çarpışan, Vətən və xalq yolunda canını fəda etməkdən çəkinməyən cəsarətli, ləyaqətli insanlara nəsib olur. Bu yüksəkliyə ucalan insanlar ölmürlər, əksinə, ölümləri ilə bir
əbədilik qazanırlar. İllər ötüb, qərinələr dolaşsa da, şəhidlər heç vaxt unudulmur, həmişə minnətdarlıq duyğuları ilə yada salınır. Bu gün Toğrulla təkcə ailə üzvləri yox, bütün xalq qürur duyur. Şəhidin doğması, yadı olmaz. Axı kimliyindən asılı olmayaraq, hər bir şəhid Vətən övladlarının qəlbinə
düşmüş bir qordur. Elə bir qor ki bu millət yaşadıqca o, işıq saçacaq xalqımızın yoluna, örnək olacaq gələcək nəsillərə…