Azərbaycanda işgüzar səfərdə olan Türkiyənin ailə və sosial xidmətlər naziri Derya Yanık Fəxri Xiyabanda ümmilli lider Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və Türk Şəhidliyi abidəsini ziyarət edib.
Boyukmillet.com xəbər verir ki, nazir Dərya Yanıkı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova müşayiət edib.
Şəhidlər Xiyabanını ziyarət edən nazir şəhidlərin məzarları üzərinə gül dəstələri düzüb, Əbədi Məşəl abidəsi önünə əklil qoyub.
Daha sonra Türk Şəhidliyini ziyarət edən Dərya Yanık abidənin önünə əklil qoyub və xatirə kitabına ürək sözlərini yazıb:
“Əziz şəhidlərimiz, türk milləti 1915-ci ildə Çanaqqalada Azərbaycan və Qafqazdan köməyə gələn qardaşları ilə çiyin-çiyinə düşmənə qarşı vuruşduğu kimi, Nuri Paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun igidləri də eyni ruhla vuruşublar.
Azərbaycanda şəhid olan əsgərlərimiz Türkiyə ilə Azərbaycan arasındakı inam və möhkəm qardaşlıq əlaqələrinin heç vaxt sarsılmayacağının sübutudur. Bu gün Türkiyə-Azərbaycan qardaşlığı, dostluğu bütün dünyaya nümunədir. Türkiyə hər zaman Azərbaycanın yanında olacaq və bütün məsələlərdə tərəddüdsüz dəstəyini göstərməyə davam edəcək.
Bakının işğaldan azad edilməsinin 104-cü ildönümü ərəfəsində şəhidlərimizin əziz xatirələrini qəlbimizdə əbədi yaşatmağın vacibliyini bir daha dərk edirik. Gözünü qırpmadan canlarını fəda edən əsgərlərimizi hörmət və rəhmətlə yad edir, bütün dünyaya örnək olan bu birliyimizin əbədiyyətə qədər davam etməsini diləyirəm. Türkiyə və Azərbaycan dövlətinin varlığı daimi olsun. Ruhunuz şad olsun”.