Quzey Kıbrıs Kipr Türk Cümhuriyyəti (KKTC) Kıbrısda keçirilən Barış Hərəkatının 48-ci ildönümünü qeyd edir. Əlamətdar tarix münasibətilə tədbirlər Lefkoşadakı Atatürkün məqbərəsinə əklil qoyulması ilə başlayıb.
Boyukmillet.com xəbər verir ki, mərasimdə KKTC prezidenti Ersin Tatar və Türkiyənin vitse-prezidenti Fuat Oktay iştirak edib.
Əvvəlcə bir dəqiqəlik sükutla yad edilib, daha sonra Quzey Kıbrıs Türk Cümhuriyyətinin dövlət himni səsləndirilib.
KKTC Prezidenti və Türkiyənin vitse-prezidenti kompleksdə açılan Xatirə kitabına ürək sözlərini yazıblar.
Mərasimdə Ersin Tatar və Fuat Oktay çıxış ediblər.
“Vurğulamaq istərdim ki, ədalət və azadlıq uğrunda mübarizəmizi beynəlxalq aləmdə qələbəyə çatdırana qədər mübarizəmizi qətiyyətlə davam etdirəcəyik. Biz heç vaxt dövlətimizdən, müstəqilliyimizdən, suverenliyimizdən əl çəkməyəcəyik”, – deyə Ersin Tatar çıxışında bildirib.
Fuat Oktay da öz növbəsində əmin edib ki, “Türkiyə qarant ölkə olaraq Kıbrısda türklərin suveren hüquqlarının, azadlıqlarının və rifahının keşiyində durmağa davam edəcək, tarixi və müqavilə öhdəliklərini yerinə yetirəcək”.
Qeyd edək ki, Kıbrısda Barış Hərəkatı 1974-cü il iyulun 20-də havadan enişlə başlayıb.
Hərəkatın başlaması üçün siqnal “Ayşe istirahətə gedir” sözləri olub. Ayşə Cenevrədəki konfransda iştirak edən Türkiyənin o dövrün xarici işlər naziri Turan Günəşin qızının adıdır.
Əməliyyat 4 həftə 1 gün davam edib və BMT-nin çağırışı ilə 18 avqust 1974-cü ildə tamamlanıb.