Dövlət Sərhəd Xidmətinin (DSX) əməliyyat-axtarış orqanları tərəfindən keçirilmiş uğurlu əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan cinayətkar dəstənin üzvləri saxlanılıblar.
Bu barədə DSX-in Mətbuat Mərkəzindən məlumat verilib.
Belə ki, iyul ayının 21-də DSX-in Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Cəbrayıl rayonunun Mehdili kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhədboyu zolağa baxış zamanı naməlum şəxslər tərəfindən ərazidə gizlədilən 4 bağlama aşkar olunub.
Dərhal bağlamaların aşkar olunduğu ərazi tam qapadılıb, mümkün hərəkət marşrutları nəzarətə götürülüb, həmin istiqamətdə əlavə sərhəd naryadlarının xidməti təşkil olunub.
Saat 20:00 radələrində əraziyə gəlməklə bağlamaları götürərək hadisə yerindən uzaqlaşmağa cəhd edən 4 nəfər şəxs sərhəd naryadları tərəfindən saxlanılıb.
Tutulan şəxslərin şəxsiyyəti araşdırılıb, işğaldan azad olunmuş sərhədyanı ərazilərin minalardan təmizlənilməsi tapşırığını yerinə yetirən DSX-nin müddətdən artıq hərbi qulluqçuları olmaları müəyyən edilib.
Fakt üzrə həyata keçirilən təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində cinayətin təşlikatçısı olan Azərbaycan vətəndaşı – Bərdə rayon sakini, 1998-ci il təvəllüdlü Xəlili Hikmət Həsən oğlu saxlanılıb.
Hadisə yerində götürülən bağlamalarda ümumi çəkisi 95 kq 700 qram olan narkotik vasitəyə (87 kq 700 qram marixuana, 7 kq 600 qram heroin, 400 qram metamfetamin) və psixotrop tərkibli dərmanlara (“Metadon-40” 1980 həb və “Preqobalin-150” 12465 həb) bənzər maddələrin olması müəyyənləşdirilib.
Cinayət hadisəsinin digər iştirakçılarının müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində Azərbaycan Baş Prokurorluğu və DSX tərəfindən zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.