“Azərbaycanda pambığın mexanikləşdirilmiş üsulla yığılması üçün texnika sayı tələbatdan çoxdur”.
Boyukmillet.com xəbər verir ki, bunu qurumun Mərkəzi Aparatının rəhbəri Rəfail Quliyev İmişlidə “Pambıqçılıqda mövcud vəziyyət və məhsul yığımına hazırlıq” mövzusunda keçirilən regional müşavirədə deyib.
“Normativ məlumatlara əsasən, 100 min ha pambıq sahəsinin məhsulunun vaxtında maşınlarla yığılması və məhsulun tədarükü və daşınması üçün 350 ədəd pambıqyığan kombayn və 1 050 ədəd traktor yedəyi tələb olunur. Aidiyyəti qurumlardan alınmış məlumatlara əsasən hazırda Respublikamızda pambıq yığımında istifadə olunan pambıqyığan kombaynların sayı 447 ədəd və traktor yedəyinin sayı isə 3 085 ədəddir. Bu rəqəmlər əvvəlki illərdə olduğu kimi, bu il də pambığın texnika vasitəsilə yığımında heç bir çətinlik olmayacağını göstərir. Artıq pambıqçılıq rayonlarının texnikaya olan tələbatı müəyyən olunub, texnikanın tələbata uyğun dislokasiyası həyata keçirilib. Pambıq yığımı ərəfəsində sahələrdə son becərmə işləri aparılır. Fermerlər pambığın mexanikləşdirilmiş qaydada yığımını həyata keçirmək üçün əkin sahələrində defolyasiya tədbirləri həyata keçirməyə hazırlaşırlar. Vegetasiya prosesinin sonunda bitkinin yarpaqlarını tökməsi və gövdənin qurudulması üçün defoliantlar vurulacaq, tam quruma prosesi başa çatdıqdan sonra isə kombaynlar vasitəsilə kütləvi yığıma start veriləcək”, – o qeyd edib.
Müşavirədə nazirliyin və tabeli qurumların məsul şəxsləri, İmişli rayon icra hakimiyyətinin rəhbərliyi, pambıq tədarükü və emalı ilə məşğul olan şirkətlərin nümayəndələri, İmişli, Beyləqan, Füzuli və Zərdab rayonlarından olan 250-dən artıq pambıqçı fermer iştirak ediblər.