Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Mingəçevir şəhər Üzeyir Hacıbəyli adına 11 illik musiqi məktəbinin kollektivi tərəfindən “Arşın mal alan” tamaşası fərqli formatda nümayiş olunub.
Mingəçevir Dövlət Dram teatrının səhnəsində nümayiş olunan teatrın nümayiş olunmasında məqsəd bölgələrdə yaşayan əhalinin asudə vaxtının səmərəli keçirilməsi, Qarabağın zəngin mədəni irsinin təbliği, dünyagörüşlərinin və estetik zövqlərinin formalaşmasına daha da kömək etməkdən ibarətdir.
Tamaşada Bakı, Gəncə, habelə respublikanın digər rayon və şəhərlərindən teatrsevərlər, regional idarə üzrə aparıcı mədəniyyət müəssisələrinin rəhbərləri, Bərdə Regional Asan Xidmət Mərkəzinin rəhbərliyi, Asan könüllülər, Gənclərin İnkişaf və Karyera Mərkəzinin əməkdaşları, o cümlədən şəhər ictimaiyyət nümayəndələri iştirak edib. Tamaşa müasir teatr elementləri ilə zəngindir.
Musiqi məktəbinin müəllimlərinin rol aldığı tamaşanın qurluşçu rejissoru Mingəçevir Dövlət Dram teatrının baş rejissoru, Prezident mükafatçısı Vüsal Mehrəliyev, Rejissor assistenti İbrahim Türksoy, musiqi rəhbəri məktəbinin müəllimi İradə Xəlilova və layihə rəhbəri isə Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümovadır.
Tamaşadan sonra Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova çıxış edərək bu kimi layihələrin davamlı olaraq keçiriləcəyindən, Qarabağın zəngin mədəni irsinin təbliği və tanıdılması istiqamətində görülən işlərdən bəhs edib. Qeyd edək ki, “Arşın mal alan”ın ilk tamaşası 1913-cü il oktyabrın 25-də Bakıda Tağıyev teatrında səhnəyə qoyulub.
Tamaşanın quruluşçu rejissoru Hüseynqulu Sarabski, dirijoru Müslüm Maqomayev idi. Hüseynqulu Sarabski Əsgər, Əhməd Ağdamski Gülçöhrə, Məmməd Hənifə Terequlov Süleyman, Ələkbər Hüseynzadə Soltan bəy, Gülsabah xanım Asya, Olenskaya Telli rolunu ifa edib.