Cümə , 22 Noyabr 2024
Drone Cameras

Emin Həsənli Türkiyə və Azərbaycanın hərbi yönümlü qeyri-hökumət qurumlarını birləşdirir…

“Türk Dünyası Şəhid və Qazilər Birliyinin mərkəzi Azərbaycan olacaq”

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi və Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin dəvətilə Türkiyə Əməkli Subaylar Dərnəyinin, Türkiyə Müharibə Qazilər Dərnəyinin, Türkiyə Harp Malülü Qazilər və Şəhid Yaxınları Dərnəyinin, Kıbrıs Türk Müqavimət Təşkilatının rəhbər heyəti və üzvlərindən ibarət nümayəndə heyəti Bakının işğaldan azad olunmasının 101 illiyi münasibətilə keçiriləcək tədbirlərə qatılmaq üçün Azərbaycana səfərə gəlib. Sentyabrın 15-dək Azərbaycanda səfərdə olacaq nümayəndə heyəti bir sıra tədbir və görüşlərdə iştirak edəcək.

Türkiyə Harp Malülü Qazilər ve Şəhid Yaxınları Dərnəyinin başqanı Mustafa İşıq səfərlərinin məqsədi barədə danışaraq qeyd edib ki, dostluğumuzu daha da möhkəmləndirmək istəyirik: “Türk Dünyası Şəhid və Qazilər Birliyi qurmaq niyyətindəyik. Belə bir projemiz var. İnşallah, bu niyyətimizi həyata keçirərik. Bir araya gəlmək üçün bizlər də əlimizdən gələni edirik. Yaradacağımız birlikdə Azərbaycan və Kiprdəki Şəhid Ailələri və Qazilər Dərnəyi ilə bir araya gəldik. Getdikcə əlaqələrimizi gücləndirəcəyik. Müsəlman ailəsi olaraq bir arada güclü bir sivil toplum quracağımıza inanırıq”.

  • “Hərbi yönümlü birliklər arasında əlaqələr genişlənməlidir”

Yaradılacaq birlik barəsində “Bakı-Xəbər”ə ətraflı məlumat verən Tərxis Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənlinin sözlərinə görə, yaradılacaq birlik Azərbaycanda fəaliyyət göstərəcək: “Türkdilli dövlətlərin bir sıra birlikləri var. Ona görə də biz istətəyirik ki, ehtiyatda olan zabitlərin, şəhid və qazilərin dərnəklərinin böyük bir birliyini yaradaq. Bunu da artıq həyata keçiririk. Artıq Türkiyə, Şimali Kipr Türk Cümhuriyyəti və Orta Asiya ölkələri ilə danışıqlarımız gedir. Türk Dünyası Şəhid və Qazilər Birliyinin mərkəzi Azərbaycan olacaq. Bildiyiniz kimi, Azərbaycan Türkiyə ilə Orta Asiya arasında yerləşir. O baxımdan belə bir birlik yaratmaq fikrimiz var. Bununla bağlı iş gedir. Türkiyədə ehtiyatda olan zabitlər, müharibə veteranları, şəhid ailələri dərnəkləri bizi çox yaxşı dəstəkləyirlər. Türkiyə hər zaman Azərbaycanın haqq işinə dəstək verib. Türkiyədə qazi və şəhid ailələri çoxdur. Bununla bağlı yaradılan dərnəklərin hamısının toplam 100 mindən çox üzvü var. Həm də Türkiyədəki bu dərnəklərin NATO təşkilatı ilə əlaqələri var. Eyni zamanda, Dünya Veteran Assosiasiyasında böyük nüfuza malikdilər. Orda da Qarabağ məsələsində bizə dəstək verirlər”.

E.Həsənli yaradılacaq birliyin fəaliyyəti barədə bunları dedi: “Bizim ortaq tariximiz var. Ona görə də bundan çıxış edərək hərbi yönümlü birliklər arasında əlaqələr genişlənməlidir. Haqq işimizi dünyada birlikdə müdafiə etmək, şəhid və qazi ailələrinin qarşılıqlı olaraq müalicəsi nəzərdə tutulub. Yəni burada söhbət türkdilli ölkələrdə aparılacaq müalicədən gedir. O cümlədən, bu ailələrin istirahətini təmin etmək görüləcək işlərin tərkib hissəsidir. Bununla belə, birgə tədbirlərin keçirilməsi, beynəlxalq aləmdə, sosial mediada bir-birini dəstəkləmək də bura daxildir. Nəzərə almaq lazımdır ki, dünyada QHT-lərin əhəmiyyəti artır. O baxımdan, belə bir birliyin yaradılması vacibdir”.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …