Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Onlar anlayırlar ki, seçki yolu ilə nəsə edə bilməyəcəklər, çünki arxalarında lazım olan elektoratları yoxdur.

Samir Adıgözəlli: “Deyilən metro stansiyalarının çıxışında nə vaxt görübsünüz ki, mitinq keçirilsin?”

Əli Kərimlinin nəzarətində olan AXCP-nin orbitindən çıxa bilməyən, formal olaraq müstəqil qurum adını daşıyan “Milli Şura” 28 sentyabra mitinq təyin edib. Mitinqin təyin edilməsi maraqlı dönəmə təsadüf edir. İqtidarla müxalifət arasında sentyabrın 11-də keçirilən “dəyirmi masa”dan dərhal sonra belə bir qərar verildi.

Artıq radikal müxalifət tərəfdarlarının həmin mitinqdə iştirakla bağlı təbliğata start verdikləri müşahidə olunur. Sosial şəbəkələrdə aparılan bu təbliğata xaricdəki söyüşçül mühacirlərin də dəstək verdiyi görünür. Sanki bu məsələdə onların fikirləri üst-üstə düşür. Çünki onlar da uzun müddətdir “Bir payız axşamı” adlı təbliğat aparırlar. Maraqlıdır ki, müxalifətin daim icazəli aksiyalar keçirdiyi məkan kimi tanınan “Məhsul” stadionunun təmirə bağlandığı bir vaxtda mitinq qərarının verilməsi və aksiyanı keçirmək üçün üç metro stansiyasının qarşısının göstərilməsi ciddi suallar doğurub.

“Məhsul” stadionu təmirdə olduğundan, radikallar yeni mitinqləri üçün 3 yerdən birini istəyr:

1) Metronun “28 May” stansiyasının qarşısı;

2) “Nərimanov” stansiyasının qarşısı;

3) “Gənclik” stansiyasının qarşısı.

Aydındır ki, belə izdihamlı yerlərdə mitinqə prinsipial olaraq icazə verilə bilməz. Heç orada mitinqin keçirilməsi üçün lazım olan şərait də yoxdur. Onda isə radikalların belə gur yerlərdə mitinq keçirmək istəklərinin kökündə hansı maraqlar dura bilər?

  • “Elə təklif etdikləri yerlərdən onların niyyətləri aydın görünür”

İctimai-Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu, artıq açıq şəkildə ölkənin qanunlarına, təhlükəsizlik mühitinə meydan oxumaqdan başqa nəsə deyil: “Radikalların əsas təbliğat ruporu rolunda xaricdən yayımlanan internet səhifələri və televiziyaları çıxış edirlər. Onlar yay boyu payıza hazırlıqla bağlı təbliğat aparırdılar. Açıq şəkildə deyirdilər ki, payızda inqilab etmək istəyirlər. Əli Kərimli və onun dəstəsinin bu addımları sübut edir ki, proseslər eyni mərkəzdən idarə edilir. Məqsəd birdir: Azərbaycandakı sabitliyi pozmaq. Onlar anlayırlar ki, seçki yolu ilə nəsə edə bilməyəcəklər, çünki arxalarında lazım olan elektoratları yoxdur. Bu səbəbdən də belə yollara əl atırlar. Deyilən metro stansiyalarının çıxışında nə vaxt görübsünüz ki, mitinq keçirilsin? Elə təklif etdikləri yerlərdən onların niyyətləri aydın görünür. Təbii ki, icazə vermək səlahiyyəti Bakı Şəhər İcra Hakimiyyətinə aiddir. Əlaqədar qurumlar da qarşıdurma yaratmaq niyyətini görməlidirlər. Bu bir sifarişdir. Prosesə siyasətlə heç bir əlaqəsi olmayan sadə vətəndaşları da zorla cəlb etmək istəyirlər. Ancaq bilməlidirlər ki, Azərbaycan dövləti güclüdür və hər bir təxribatın qarşısını almağa qadirdir. Aydın şəkildə görünür ki, burada dinc etiraz etmək yox, ölkəni xaosa sürükləmək cəhdi var. Dövlətçiliyin nə olduğunu anlayan bütün siyasi qüvvələr, vətəndaşlar radikal qüvvələrin bu məkrli niyyətinin qarşısını almaq yolunda addımlar atmalıdırlar. Biz yol verə bilmərik ki, ölkəni Suriyaya və ya başqa bənzər məkanlara çevirsinlər”.

Məhəmmədəli QƏRİBLİ

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …