Azərbaycanda fəaliyyət göstərən QHT-lər Fransanın beynəlxalq normalara zidd davanışlarına qarşı etiraz bəyanatı yayıblar.
Boyukmillet.com xəbər verir ki, bir qrup qeyri-hökumət təşkilatları Fransa Senatının və Milli Assambleyasının, eləcə də bu ölkənin bir sıra siyasi dairələrinin uzun illər davam edən, son dövrdə daha da kəskinləşən açıq irqçi, azərbaycanofob, türkofob və islamofob fəaliyyətinə, beynəlxalq hüququn norma və prinsiplərinə açıq hörmətsizlik nümayiş etdirməsi, Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə qarşı qərəzli və ədalətsiz addımlarının intensivləşməsinə etiraz olaraq aşağıdakıları bəyan ediblər:
Fransa Respublikasının Senatı, Milli Assambleyası, eləcə də, bu ölkənin bir sıra siyasi dairələri ayrı-ayrı zamanlarda açıq irqçi, islamofob, türkofob və azərbaycanofob fəaliyyətləri ilə gündəmə gəliblər. Paralel olaraq, Fransada fəaliyyət göstərən radikal erməni icmalarının Azərbaycanın Parisdəki Səfirliyinə, həmçinin, bu ölkədə yaşayan Azərbaycan diasporunun nümayəndələrinə qarşı hücumlar təşkil etməsinə laqeyid yanaşıblar. Fransanın əlaqədar qurumları özündə vandalizm, terror elementlərini ehtiva edən bu cinayətkar hücumların qarşısını almaq üçün lazımi tədbirlər görməməklə, erməni icmasının təhdidçi hərəkətlərini stimullaşdırıblar.
Bildiririk ki, Fransanın tarixi buna bənzər anlaşmaz, qeyri-bəşəri hərəkətlərlə zəngindir. Faktlar göstərir ki, Fransanın siyasi çevrələri heç də həmişə demokratik dəyərlərə, bəşəri ideyalara, insan haqlarına sadiq olmayıblar. 1830-1962-ci illəri əhatə edən işğal dövründə Əlcəzairdə 1,5 milyondan artıq insanın Fransa ordusu tərəfindən qətlə yetirilməsi acı həqiqətlərdən biridir.
Özünü Avropada “demokratiyanın beşiyi” adlandıran Fransa tarixdə yol verdiyi yanlışlıqları aradan qaldırmaq əvəzinə, öz anti-bəşəri hərəkətlərini bu gün də davam etdirir. Ermənistanın 30 ilə yaxın müddətdə Azərbaycan torpaqlarında həyata keçirdiyi işğalçılıq siyasətini dəstəkləməklə, növbəti dəfə yanlışlığa yol verir. Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi faciələrlə Fransanın Əlcəzairdə törətdiyi soyqırım aktları bənzərdirlər.
Fransa Senatının 2022-ci il noyabrın 15-də qəbul etdiyi anti-Azərbaycan ruhlu qətnamə beynəlxalq hüququn təməl norma və prinsiplərinə zidd olmaqla yanaşı, Fransa ilə Azərbaycan arasında ikitərəfli öhdəliklərə, xüsusilə Azərbaycanla Fransa arasında 1993-cü il dekabrın 20-də imzalanmış “Dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında” müqavilənin prinsiplərinə ziddir. Bu müqavilənin şərtlərinin kobud şəkildə pozulmasıdır.
Bu günlərdə Tunisin Cəbrə adasında keçirilən Beynəlxalq Frankofoniya Təşkilatının 50 illik yubiley sammiti çərçivəsində Azərbaycana qarşı çirkin təxribat planının ifşa edilməsi onu göstərir ki, Fransa hakimiyyətinin islamofob, türkofob və azərbaycanofob prinsiplərə əsaslanan xüsusi proqramı mövcuddur və bu proqramı hər vəchlə gerçəkləşdirməyə çalışır. BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Fransa beynəlxalq sülhyaratma prinsiplərinə zidd davranmamalıdır.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatları olaraq Fransa parlamentini və hökumətini ölkədə artmaqda olan irqçi, antisemit, türkofob və islamofob təzahürlərin qarşısını almaq üçün siyasi iradə nümayiş etdirməyə çağırır və bu halların qarşısını almağa yönələn qətnamə qəbul etməyə dəvət edirik.