Bakının Sabunçu rayonu, Bilgəh Qəsəbəsində yerləşən “Qocalar Evi”nin sakinləri ziyarət olunub.
Boyukmillet.com xəbər verir ki, ziyarət “West Hospital”ın tibbi heyəti tərəfindən həyata keçirilib.
Ziyarətdə qeyd edilib ki, böyüklərə, yaşlılara və qocalara hörmət Azərbaycan xalqının əsrlər boyu qoruyub saxladığı nəcib əxlaqi keyfiyyətlərdən biridir.
Buna görə də “West Hospital” 1 yaşını dekabrın 1-də “Qocalar evi”ndə buranın sakinləri ilə birlikdə keçirmək qərarına gəlib və tibbi heyət bundan böyük məmnunluq hissi duyduğunu bildirib.
Hospitalın həmrəylik əlaməti olaraq atdığı bu humanist addım “Qocalar evi”ndə məskunlaşan ahıllar tərəfindən də təqdir olunub.
Belə ki, hospitalın peşəkar həkim kollektivi səhhətində şikayəti olan pasiyentləri müayinə edib və onlara zəruri tibbi müdaxilələr edərək vacib tövsiyələr veriblər.
Tədbirdə bildirilib ki, yaşlı insanlar üçün ən gözəl yer və ən böyük xoşbəxtlik övladlarının yanında olmaq, onlarla bir evi və bir yuvanı bölüşməkdir.
Qeyd olunub ki, dövlətimiz tərəfindən “Qocalar evi”ndə məskunlaşan ahıllar üçün nə qədər yaxşı şərait yaradılsa da, dünyanın ən gözəl yeri belə onlara evlərinin və övladlarının sevgisini əvəz edə bilməz.
Sonda “West Hospital”ın kollektivi qocalar evində yaşayan bütün insanlara möhkəm cansağlığı arzulayıb və onların arzularının reallaşmasını diləyib.