“Azərbaycanın daxilində yaşayan vətəndaşlarımızdan 3-4 dəfə çox soydaşımız kənarda yaşayır”.
Boyukmillet.com xəbər verir ki, bunu deputat Sabir Rüstəmxanlı Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.
O bildirib ki, onların yaşadığı ölkələrlə müqayisədə əlifba dəyişikliyi fərqi və digər problemlər var: “Soydaşlarımızın yaşadığı bütün yerlərdə məktəb açmaq mümkün deyil. Bunun müasir həll yollarından biri budur ki, Azərbaycanda televiziya kanallarından biri səhərdən axşama qədər Azərbaycan tarixi, dili və ədəbiyyatı ilə bağlı yayımlar həyata keçirsin və bu kanal peyk vasitəsi ilə bütün dünyaya yayımlansın.
Bu məsələni bilən adamları, mütəxəssisləri cəlb edərək bu televiziya qurulsun və yavaş-yavaş dünyada yaşayan soydaşlarımıza özümüzü tanıdaq, mədəniyyətimizi öyrədək, yəni televiziya dərs keçsin. Bu kanalı tədricən dünyanın hər yerində izləyəcəklər və bu kanal qlobal Azərbaycan məktəbi olacaq”.