Şənbə , 21 Sentyabr 2024
Drone Cameras

Meksika radiosunda Azərbaycanın regionda sülhə nail olmaq üçün atdığı addımlardan danışılıb

Meksikanın geniş dinləyici auditoriyasına malik “ADR Network” və “Rasa” informasiya şəbəkəsinə məxsus “Radio 620 AM” radio kanallarında Azərbaycanın bu ölkədəki səfiri Məmməd Talıbovun ölkəmizin regionda sülhə nail olmaq üçün atdığı addımlarla bağlı verdiyi müsahibələr efirə gedib.

Azərbaycanın Meksikadaki səfirliyindən verilən məlumata görə, müsahibələr zamanı keçmiş münaqişənin tarixi, Azərbaycanın 20%-ə yaxın torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi, 1 milyona yaxın azərbaycanlının etnik təmizləməyə məruz qalması, 2020-ci ildə ölkəmizin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq öz ərazilərini 30 illik erməni işğalından azad etdiyi 44 günlük Vətən Müharibəsinin nəticələri, Ermənistanın işğal altında saxladığı ərazilərimizdə törətdiyi cinayətlər – mülki infrastrukturun məqsədyönlü şəkildə kütləvi miqyasda dağıdılması, mədəni irsin talan edilməsi, dağıdılması, saxtalaşdırılması, qanunsuz daşınması, ətraf mühitə və biomüxtəlifliyə vurulan zərər və həmin ərazilərin kütləvi şəkildə minalanması barədə məlumat verilib.

Səfir həmçinin 2020-ci ilin noyabr ayında Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatın müddəalarını pozaraq Ermənistanın özünün silahlı qüvvələrini Azərbaycan ərazisindən çıxarmadığı və həmin əraziləri minalamağa davam etdiyi bildirilib.

Müsahibələrdə regionda sülhün bərqərar olması və Ermənistanla münasibətlərin normallaşdırılması üçün Azərbaycan tərəfindən 5 əsas prinsipin yer aldığı sənədin təqdim edildiyi, lakin Ermənistanın müxtəlif bəhanələrlə bu prosesi gecikdirdiyi qeyd olunub.

Səfir M.Talıbov həm keçmiş münaqişə dövründə, həm də Vətən müharibəsindən sonra Meksika tərəfindən göstərilən ədalətli mövqeyə görə təşəkkürünü bildirib və bundan sonra da BMT TŞ-nin qeyri-daimi üzvü kimi Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması prosesində dəstək göstəriləcəyinə, habelə Meksika da daxil olmaqla, beynəlxalq ictimaiyyətin Ermənistanı Azərbaycanla sülh sazişini imzalamağa çağıracağına inandığını vurğulayıb.

Sonda, Meksika ilə Azərbaycan arasındakı əlaqələrdən bəhs edən diplomat, bu il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illik yubileyinin qeyd olunduğunu, bu müddət ərzində ölkələrimiz arasında həm ikitərəfli səviyyədə, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın səmərəli şəkildə davam etdirildiyini, həmçinin iki ölkə arasında ticari, iqtisadi, turizm və mədəniyyət sahələrində əlaqələrin inkişafı üçün böyük potensial və imkanların mövcud olduğunu bildirib.

Check Also

Berlində Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib

Azərbaycanın Almaniyadakı səfirliyi Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, mütəfəkkir şair Məhəmməd Füzulinin anadan olmasının 530 illik …