Arayik Arutyunyanın 2023-cü ildə Qarabağda planlaşdırılan saxta seçkilərlə bağlı nüfuzu getdikcə aşağı düşür. Ona alternativ olan müxalif qüvvələr iki gün əvvəl Xankəndidəki mitinqlərdə iştirak etmədilər. Onların qarşısını almaq üçün Ruben Vardanyan təcili olaraq Xankəndiyə gətirildi. Burada Ruben Vardanyan seçkisiz Baş nazir vəzifəsinə təyin olundu. Halbuki, bu, seçkilərlə olmalı idi. Bu seçkilər keçirilmədən onun təyinatı göstərir ki, burada məsələ, sadəcə olaraq, vaxt udmaqdan gedir. Ruben Vardanyan separatçıdır, revanşistdir, sülhü istəməyən biridir və bölgəyə burada vəziyyəti gərginləşmək üçün gəlib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında hərbi-siyasi ekspert Telman Qasımov söyləyib.
Onun sözlərinə görə, R.Vardanyanın məqsədi regionda gərginliyi artırmaq, Qarabağ ermənilərini əsarətdə saxlamaq və aldatmaqdır. Sentyabrdan Qarabağa gələn Ruben Vardanyan ermənilərə bir qəpik də pul xərcləməyib, heç bir yeri bərpa etməyib, heç bir sosial məsələ həll olunmayıb. Halbuki, bu şəxs milyarderdir. Ruben Vardanyan və Arayik Arutyunyan birgə addım atırlar. Hazırda Ruben Vardanyan “Qarabağ erməniləri Ermənistan ermənilərindən nə üçün asılı olmalıdırlar?” bəyanatı ilə vəziyyəti daha da ağırlaşdırdı. O qeyd etdi ki, onlar müstəqil qərar qəbul etməli, seçimlərində daha müstəqil olmalıdırlar. Bu da vəziyyəti daha da gərginləşdirir. Yəni, Qarabağ və Ermənistan erməniləri arasında növbəti qarşıdurma yarandı.
“Ruben Vardanyanın əsas məqsədi Azərbaycanın qızıl və mis mədənlərini öz nəzarətinə keçirməkdir. Bu vəziyyət qarşısında aksiyaların keçirilməsi onun planlarını alt-üst etdi. Zaman göstərdi ki, Vardanyanın buraya gəlməsinin məqsədi Qarabağ ermənilərinin həyat şəraitini yaxşılaşdırmaq deyil. Ruben Vardanyanın siyasi baxımdan heç bir biliyi yoxdur, onun düşüncəsində ancaq puldur. O, separatçıdır, onun əsl siması budur”, – deyə T.Qasımov vurğulayıb.
O əlavə edib ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsilə Xankəndidən Ermənistana aparılan xəstələr arasında dörd nəfər xarici ölkə vətəndaşı olub və “xəstə” adı ilə Ermənistana aparılıb. Maraqlı məsələ odur ki, bu dörd şəxs orada nə edirdi. Deməli, onlar uzun müddət orada qalıblar və xəstəlik adı ilə Beynəlxalq Qırmızı Xaç Komitəsi onları Xankəndidən çıxarıb. Beynəlxalq Qırmızı Xaç Komitəsi Azərbaycana bununla bağlı hesabat verməlidir ki, həmin dörd şəxs kimdir, onlar hansı ölkələrin vətəndaşlarıdır.
Ekspert sonda vurğulayıb ki, Azərbaycan Vardanyankimilərin Qarabağı təsiri altına almasına heç vaxt imkan verməyəcək və bununla bağlı qəti tədbirlər görəcək. Bu, ölkəmizin beynəlxalq səviyyədə tanınan hüququdur.
Check Also
Türkiyəli nazirdən Bakıda Zəngəzur dəhlizi mesajı
“Son zamanlarda şərq-qərb istiqamətindəki ticarəti dəstəkləmək məqsədilə şimal-cənub istiqamətində də bəzi dəhlizlərin ortaya çıxdığını bilirik”. …