Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cosef Borel İran və Britaniya vətəndaşlığı olan Əlirza Əkbərinin İran hakimiyyəti tərəfindən edam edilməsini pisləyib.
Bu barədə “Report” diplomatın bəyanatına istinadən xəbər verir.
“Avropa İttifaqı İran və Britaniya vətəndaşı Əlirza Əkbərinin İranda edamını ən sərt şəkildə pisləyir. İstənilən şəraitdə belə bir cəza tədbiri ilə razılaşmırıq”-, bəyanatda vurğulanıb.
Qeyd edək ki, artıq Böyük Britaniya Xarici İşlər Nazirliyi Əlirza Əkbərinin edam edilməsi ilə əlaqədar Tehrandakı səfirini məsləhətləşmələr üçün geri çağırıb.
Xatırladaq ki, Ə.Əkbəri İran Milli Təhlükəsizlik Şurasının hazırkı katibi, 1997-2005-ci illərdə müdafiə naziri işləmiş Əli Şəmxaninin müavini işləyib. O, 1961-ci ilin sentyabrında anadan olub. Britanya-İran ikili vətəndaşlığı var. 2005-2020-ci illərdə Britaniyada yaşayıb, Tehrana səfəri zamanı casusluqda ittiham olunaraq həbs edilib. Sonradan girov qarşılığında sərbəst buraxılmışdı. İran kəşfiyyatı 2023-cü il yanvarın 1-də onu yenidən həbs edib. Məhkəmə Əlirza Əkbərini Böyük Britaniyaya casusluqda günahlandıraraq barəsində edam hökmü çıxarıb.