Azərbaycan qazının, eləcə də Türkiyənin dəniz limanlarına çatdırılan mayeləşdirilmiş təbii qazın (LNG) tədarükü ilə bağlı kommersiya danışıqlarına başlanılıb.
Boyukmillet.com xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto Budapeştdə Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varankla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Azərbaycan qazının Avropaya tədarükünün genişləndirilməsi boru kəməri infrastrukturuna böyük investisiyalar tələb edəcək və Macarıstan belə layihələrin həyata keçirilməsində Avropa İttifaqının maliyyə yardımına ümid edir.
Siyarto bildirib ki, hazırda ölkə üçün yeganə etibarlı qaz mənbəyi “Türk axını” boru kəməridir.
Macarıstan hökumətinin enerji mənbələrinin şaxələndirilməsinə üstünlük verdiyini vurğulayan Siyarto qeyd edib ki, bunun üçün ən real variant Azərbaycan qazı və Türkiyə limanlarına gələn LNG-dir.
Qeyd edək ki, TAP Xəzər dənizinin Azərbaycan sektorundakı nəhəng “Şahdəniz” yatağından təbii qazı Avropaya daşıyır. 878 km-lik boru kəməri Türkiyə-Yunanıstan sərhədində, Kipoidə Trans-Anadolu Boru Kəmərinə birləşir, Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək İtaliyanın cənub sahillərinə çatır.
31 dekabr 2020-ci il tarixindən etibarən Avropaya tǝbii qaz axınının başladığı layihədə ilk gün TAP vasitǝsi ilǝ Avropaya 10,9 milyon kubmetr tǝbii qaz nəql edilib.