Bazar , 24 Noyabr 2024
Drone Cameras

“Biz Qərbi Azərbaycanla bağlı bizim olan hər şeyə sahib çıxmaqda qərarlıyıq və sahib çıxacağıq” – MÜSAHİBƏ

Azərbaycan dövləti Qarabağı, Şərqi Zəngəzuru düşməndən azad etdikdən sonra, tarixin müxtəlif dövrlərində böyük güclərin diqtəsi, erməni məkri ilə öz yurdundan qovulan, deportasiyalara məruz qalan minlərlə azərbaycanlının öz torpaqlarına qayıdışını, öz tarixini qorumağı əsas məqsədlərdən biri kimi gündəmə gətirib.

Prezident İlham Əliyevin Qərbi Azərbaycan ictimai birliyinin inzibati binasının açılışında Qərbi Azərbaycana qayıdışla bağlı çıxışı və göstərdiyi hədəflər xüsusi vurğu və tarixi məqam kimi qeyd olunur, müzakirə edilir. Bu istiqamətdə Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərlinin SİA-ya müsahibəsini təqdim edirik:

– Qərbi Azərbaycan İcmasının 2023-cü ildəki hədəfləri nədən ibarətdir? İcmanın qarşısında hansı məqsədlər durur?

– 2023-cü ildə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi tamam olur və bu il rəsmi olaraq Azərbaycanda Heydər Əliyev ilidir. Ulu Öndər Azərbaycan tarixinin çox böyük şəxsiyyətlərindəndir və XX əsrdə Azərbaycanın ən böyük tarixi şəxsiyyəti, ən böyük dövlət və siyasət xadimidir, bugünkü müstəqil Azərbaycanın xilaskarı və qurucusudur. Ulu Öndər Heydər Əliyev eyni zamanda azərbaycanlıların deportasiyasına və soyqırımına tarixi-siyasi qiymətin banisidir. Heç şübhəsiz, Qərbi Azərbaycan İcması olaraq 2023-cü ildə Ulu Öndərin həyatı, fəaliyyəti, ideyaları ilə bağlı silsilə tədbirlərimiz olacaq. Bununla yanaşı, bilirsiniz ki, dekabrın 24-də Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasında İcmanın nümayəndələri ilə görüşdə qarşımızda bir sıra vəzifələr qoydu, tövsiyələr verdi. Hazırda Qərbi Azərbaycana Qayıdış konsepsiyası hazırlanır və bizi bu Konsepsiyaya uyğun gərgin fəaliyyət gözləyir. Biz bu il Qərbi Azərbaycana qayıdış ideyasını bütün dünya azərbaycanlılarının ümummilli ideyasına çevirməyi, 50 milyonluq Azərbaycan xalqını bu ideya ətrafında səfərbər etməyi hədəfləyirik.

– Haqsızlığa uğrayaraq öz doğma yurd-yuvalarından didərgin düşən hər bir Qərbi Azərbaycanlı dədə-babalarının hansı torpaqda doğulduğu, necə bir tarixi-mədəni irsə sahib olduğunu bilir. Bəs, bu məlumatları daxildən çıxarıb dünyaya necə ötürməliyik?

– Qərbi Azərbaycan əlahiddə bir region deyil, Azərbaycan tarixinin və Azərbaycan coğrafiyasının bir parçasıdır, son qarışına qədər Azərbaycanın tarixi əraziləridir. Bu düşüncəni biz ilk növbədə hər bir Azərbaycan insanının şüuruna həkk etməliyik. Millət özünün olan hər şeyə sahib çıxmağı bacarmalıdır, ən azı, bu istiqamətdə çalışmalıdır. Bundan sonra gəlir bu informasiyaları ətrafdakılara təlqin etmək. Bəli, biz Qərbi Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün bütün üsul və metodlardan istifadə edəcəyik. Dünya son iki yüz ildə Cənubi Qafqazda baş verənlərdən xəbərdar olmalıdır. Dünya ermənilərin əsl simasını bilməlidir. Bizim son iki yüz ildə bu toplumdan nələr çəkdiyimizi, ermənilərin xalqımıza qarşı hansı cinayətləri törətdiyindən xəbərdar olmalıdır. Qarabağ məsələsi ermənilərin bu cinayət zəncirinin, olsa-olsa, bir həlqəsidir. Dünya bunu bilməlidir.

– Beynəlxalq təşkilatların Qərbi Azərbaycan məsələsinə münasibətini necə dəyərləndirmək olar?

– Beynəlxalq təşkilatların tək Qərbi Azərbaycan yox, bütövlükdə Azərbaycan məsələsinə münasibəti hamımıza aydındır. İkili standartlar, təcavüzkarı dəstəkləmək, ən yaxşı halda erməni cinayətlərini görməzlikdən gəlmək və s. son 30 ildə bir çox dövlətlərin və beynəlxalq təşkilatların mövqeyi olub. BMT-nin, YUNESKO-nun, Minsk qrupunun və s. fəaliyyətində biz bunu aydın gördük. Qərbi Azərbaycan məsələsində də fərqli münasibət gözləmirik. Lakin bu, bizi nə öz mövqeyimizdən döndərə, nə də mübarizəmizdən çəkindirə bilər. Dədə-baba yurdlarımıza, 34 il əvvəl qovulduğumuz evlərimizə, kəndlərimizə qayıtmaq bizim beynəlxalq hüquqa söykənən haqqımızdır.

– Qərbi Azərbaycan da tariximizin əvəzolunmaz bir tərkib hissəsidir. Bu tarixi yaşatmaq üçün o yerlərin canlı şahidlərinin yaddaşından necə faydalanmaq olar?

– Biz artıq bu istiqamətdə işə başlamışıq. 1988-1991-ci və 1948-1953-cü illər deportasiyalarının şahidi olan insanlarımızın videogörüntülərini alırıq. Müxtəlif telekanallarımızda artıq onlarla ailələrdən çəkilişlər həyata keçirilib. Qərbi Azərbaycan İcması olaraq biz bu işi təşkil edirik, telekanallar isə həyata keçirir. Bu iş davam edəcək. Bundan əlavə, biz Qərbi Azərbaycanla bağlı çoxlu sənədli filmlər çəkilməsini nəzərdə tutmuşuq. Bu, bizim qaçqınlıq tariximizdir. Lakin o torpaqlarda bizim minillər formalaşan zəngin mədəni irsimiz var, tarixi və mədəni abidələrimiz, toponimlərimiz, folklorumuz var. Bunların qeydiyyata alınması, toplanması istiqamətində də işə başlanmışdır. Bir sözlə, biz Qərbi Azərbaycanla bağlı bizim olan hər şeyə sahib çıxmaqda qərarlıyıq və sahib çıxacağıq.

– Bildiyimiz kimi, Qərbi Azərbaycandan deportasiya olunanların qaçqın statusundan irəli gələn güzəştlər xeyli dərəcədə ləğv olunub. Bu məsələnin həlli ilə bağlı hər hansı təklifləriniz varmı?

– Bütün istiqamətlər üzrə təkliflər toplanıb, ümumiləşdirilir. Mən də o fikirdəyəm ki, qaçqınlarımızın statusu məsələsinə yenidən baxılmalı, müəyyən dəyişikliklər edilməlidir. Amma hansı dəyişikliklər edilməlidir, bu müzakirələr nəticəsində məlum olacaqdır. Biz belə hesab edirik ki, bu qanun qaçqın soydaşlarımızın ata-baba yurdlarına qayıdışının və bu istiqamətdə mübarizəsinin hüquqi bazasını yaratmalıdır və bu baxımdan müvafiq qanunun təkmilləşdirilməsinə ehtiyac var.

– Qərbi Azərbaycandan olan həmyerlilərimizin siyahıya alınması prosesi hazırda hansı mərhələdədir?

– Biz bu işə sonuncu deportasiya zamanı – 1988-1991-ci illərdə dədə-baba yurdlarından qovulmuş qaçqınlarımızın siyahıya alınmasından başlamışıq və bu il bu işi başa çatdırmağa çalışırıq. Bununla paralel olaraq 1948-1953-cü il deportasiyası ilə bağlı siyahıyaalmalara da start verilmişdir.

Müəllif: Ləman Əlizadə

Check Also

Deputatlığa namizəd ETİRAZ ETDİ: İcra orqanları camaatı görüşlərə gəlməyə qoymur

Artıq parlament seçkilərinə sayılı günlər qalıb. Bir çox namizədlər isə avqustun 9-dan təbliğat-təşviqat kampaniyası çərçivəsində …