Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Ali Məclisin Sədri: “Sizinlə qürur duyuram”

Yəqin hər kəs etiraf edər ki, dünyanın ən çətin və məsuliyyətli peşələrindən biri jurnalistika, söz sənətidi. Ən azı ona görə ki, bu peşənin sahibləri heç zaman öz həyatlarını yaşamırlar; cəmiyyətin, insanların, ayrı-ayrı mədəniyyətlərin, ciddi münaqişə və mübarizələrin, müharibə ocaqlarının… həyatını yaşayırlar. Təsadüfi deyil ki, müdriklər jurnalistika sənətini həm də minatəmizləyənlərin işinə bənzədirlər. Çünki jurnalistlər də minaaxtaranlar kimi bəzən həyatda bir dəfə səhv edirlər…

Ulu öndər Heydər Əliyev bu çətin, həm də şərəfli peşəni belə səciyyələndirib: “Jurnalist əməyi qeyri-adi əməkdir, olduqca böyük, zəhmətli əməkdir, çox səylər göstərilməsini, hətta cəsurluq, hünər, fədakarlıq tələb edən əməkdir, öz peşəsinə vurğunluq tələb edən əməkdir”.

Məhz bu gün – sentyabrın 27-də Naxçıvan jurnalistləri “olduqca böyük, zəhmətli əmək”lərinin ən böyük qiymətini aldılar. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin media nümayəndələri ilə görüşündə. Həqiqətən də bu gün Naxçıvan jurnalistikasının, Naxçıvan mediasının tarixinə ən yaddaqalan günlərdən biri kimi yazıldı.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov əvvəlcə iclası açdı, sonra isə ötən 25 ildə mediamızın keçdiyi inkişaf yolunu konkret faktlarla təhlil etdi.

Yaradıcı insanlara, ziyalılara həmişə böyük diqqət göstərən, onlara xoş və səmimi münasibət bəsləyən Ali Məclisin Sədri bizə bu dəfə də böyük stimul verdi:

Sitat: Çəkilən zəhmət, seçilən yol düzgün olanda o bütün sahələrdə böyük uğurlarla nəticələnir. Bu gün Naxçıvan jurnalistlərinin hazırladıqları məqalə və filmlər dünyanın istənilən media orqanında təqdim olunmağa layiqdir”.

Böyük filosof Konfutsi deyirdi: “Ya bir yol tap, ya bir yol aç, ya da yoldan çəkil!”  Ali Məclisin Sədri 25 il bundan əvvəl Naxçıvanın ən çətin dövründə nəinki yoldan çəkildi, qədim diyarın çiçəklənməsi naminə böyük fədakarlıqlar göstərdi,  həm də bizim kimi minlərlə gəncə, eləcə də jurnalistlərimizə yol açdı, onları gələcəyə hazırladı. Və bunun da nəticəsində indi Naxçıvanda 400 nəfəri əhatə edən böyük bir jurnalist ordusu, vətənpərvər və vətəndaş jurnalistikası formalaşıb. Yüz minlərlə insan sosial şəbəkə istifadəçisinə çevrilib. İndi hətta ən ucqar kənddə yaşayanların belə evində 4G interneti var. İnsanlarımız sakit, təhlükəsizlik şəraitində yaşayıb işləyirlər. 30 ilə yaxındır blokadadayıq, amma bu gün heç kim bu blokadanı hiss etmir. Və bu çətin mübarizə şəraitində qazanılan belə mühüm nailiyyətlər isə bu gün Naxçıvan jurnalistlərinin ən prioritet mövzusudur. Bu günün tarixi məhz belə yazılır…

Görüşdə diqqətimi çəkən həm də cənab Sədrimizin bu fikirləri oldu: “Bu gün muxtar respublikada sağlam mətbuat formalaşmışdır. İstər yaradılan maddi-texniki baza, istərsə də jurnalist kadrların hazırlanması sahəsində görülən işlər qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün geniş imkanlar açır. Bu gün blokada şəraitində yaşayan muxtar respublikanın inkişafı, zəngin tarixi-mədəni irsi və turizm potensialı ümumilikdə Naxçıvan həqiqətləri kütləvi informasiya vasitələri tərəfindən geniş ictimaiyyətə təqdim olunur. Çünki, düzgün informasiyaların yayılması, səmərəli təbliğat və təşviqat mexanizminin müəyyənləşdirilməsi medianın əsas fəaliyyət istiqamətidir. Bu gün muxtar respublikanın inkişafını təmin edənlər və bu işin təbliğatçısı olan media nümayəndələrinin birgə fəaliyyəti Naxçıvanın müasir inkişaf tarixini yaradır”.

Görüşdə proqram xarakterli geniş çıxış edən Ali Məclisin Sədri həmişə olduğu kimi yenə də media mənsublarına öz dəyərli tapşırıq və tövsiyələrini verdi.

Səmərəli fəaliyyətlərinə görə muxtar respublikanın kütləvi informasiya vasitələrinin əməkdaşlarına təşəkkür edən Ali Məclisin Sədri səmərəli fəaliyyətlərinə görə hər bir media mənsubu ilə qürur duyduğunu bildirdi…

Ali Məclisin Sədrinə minnətdarlıq edən jurnalist həmkarlarımızın – Ülvi Hüseynlinin, Mehriban Sultanovanın, Səməd Canbaxşıyevin, Sara Əzimovanın, Ruhiyyə Rəsulovanın, Rövşən Hüseynovun, Qafar Qənbərovun, Müzəffər Əsgərovun,  Rauf Əliyevin, Qahirə Hüseynovanın, Muxtar Rzazadənin, eləcə də bu sətirlərin müəllifinin yekdil fikri bu oldu:

“Bütün əldə olunan uğurların əsl səbəbkarı jurnalistlərin dostu və ən yaxın himayədarı  Ali Məclisin Sədri cənab Vasif Talıbovdur. Bütün jurnalistlərimiz də öz növbəsində muxtar respublika rəhbərinin yanındadır və öz QURUCU RƏHBƏRLƏRİ ilə  qürur duyur!”

Söz var, deyirlər ki, həyat ötən günlər deyil, yadda qalan günlərdir. Bu gün həqiqətən də BİZİM GÜNÜMÜZ idi. Heç vaxt unutmayacağımız günlərdən biri…

Bu arada, onu da qeyd edim ki,  Ali Məclisin Sədri öz çıxışını dahi rəhbər Heydər Əliyevin fikirləri ilə tamamladı: “Hər bir kütləvi informasiya vasitəsi müstəqil dövlət, vətəndaş cəmiyyəti quruculuğu, milli və dünyəvi dəyərlərin bərqərar olunması, ölkənin inkişafını təmin edən islahatların həyata keçirilməsi prosesində effektiv iştirak etməli, həyatın güzgüsü, həqiqət carçısı olmalıdır. İnsanları yüksək ideallar, humanist vətəndaş və demokratik cəmiyyət uğrunda mübarizəyə çağırmalı və səfərbər etməlidir”.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …