Şənbə , 23 Noyabr 2024
Drone Cameras

ABŞ-da 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb

ABŞ-ın paytaxtı Vaşinqon şəhərində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb.

Boyukmillet.com xəbər verir ki, Azərbaycanın ABŞ-dakı səfirliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə diplomatlar, yerli ictimaiyyət nümayəndələri, Azərbaycan icmasının üzvləri, o cümlədən bu ölkədə təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.

Anım tədbirinin açılışında 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən səfirliyin birinci katibi Toğrul Əliyev bildirib ki, 20 Yanvar hadisəsi xalqımızın tarixinə həkk olunmuş qanlı faciələrdən biridir. Diplomat qeyd edib ki, keçmiş sovet imperiyası ordusunun qarşısına silahsız, əliyalın çıxaraq Vətən üçün canlarından keçən 20 Yanvar şəhidlərinin qəhrəmanlığı dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının qürur mənbəyidir.

Azərbaycanın ABŞ-dakı hərbi attaşesi Rüstəm Gözəlov çıxışında 20 Yanvarın müstəqillik tariximizdə xalqımızın cəsarətli addımlarını əks etdirən səhifələrdən biri olduğunu xüsusi qeyd edib. O, faciəyə ulu öndər Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymət verildiyini, faciə qurbanlarının xatirəsinin hər il dövlət səviyyəsində anıldığını, Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirdiyini bildirib.

Anım gecəsində 20 Yanvar faciəsindən bəhs edən sənədli film nümayiş etdirilib.

Tədbir çərçivəsində səfirliyin inzibati binasının önündə “Qanlı Yanvar”a həsr olunmuş guşə yaradılıb. Guşədə 20 Yanvar faciəsi haqqında məlumatlar və hadisənin dəhşəti anlarını əks etdirən fotolar nümayiş olunub.

Check Also

Türkiyəli nazirdən Bakıda Zəngəzur dəhlizi mesajı

“Son zamanlarda şərq-qərb istiqamətindəki ticarəti dəstəkləmək məqsədilə şimal-cənub istiqamətində də bəzi dəhlizlərin ortaya çıxdığını bilirik”. …