Azərbaycan Sosial Rifah Partiyasının Azərbaycanın İran İslam Respublikasındakı Səfirliyinə edilən hücumla bağlı bəyanat yayıb.
Bəyanatda deyilir:
“Yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum edilib. Xain hücum aktı zamanı Azərbaycanın İrandakı səfirliyinin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərov qəhrəmancasına şəhid olub, mühafizə xidmətinin iki nəfər əməkdaşı isə yaralanıb. Azərbaycan Sosial Rifah Partiyası olaraq baş vermiş xain hücumu qətiyyətlə pisləyir, dövlətimizin milli maraqlarının qorunması, səfirliyin təhlükəsizliyinin təmini zamanı şəhid olan soydaşımızın yaxınlarına dərin hüznlə başsağlığı veririk.
Eləcə də, bu aktın planlaşdırılmasında, həyata keçirilməsində günahkar olan şəxslərin tezliklə tapılıb qanun qarşısında cavab verməsini, məsələ ilə bağlı dəqiq araşdırmanın aparılmasını tələb edirik. ASRP olaraq bildiririk ki, artıq bir müddətdir rəsmi Tehranın Azərbaycana qarşı nümayiş etdirdiyi siyasi davranış heç də yaxın qonşuluq münasibətlərinə əsaslanmır. Tam əksinə, İranın Azərbaycan dövlətinə qarşı sərgilədiyi mövqe destruktiv çalarlarla zəngindir.
Regionda sülhün, təhlükəsizliyin yaradılması, sabitliyin formalaşdırılması istiqamətində Azərbaycan dövlətinin apardığı siyasi xəttə münasibətdə İranın davranışları davamlı hesab edilə bilməz. Bu baxımdan, Səfirliyimizə edilən xain hücumun arxasında da fərqli maraqların dayandığını istisna etmək olmaz. Azərbaycan Sosial Rifah Partiyası olaraq İranın məsələ ilə bağlı cavab verməsini istəriyik. Çünki baş verənlər beynəlxalq konvensiyalar, müvafiq hüquq kodeksləri ilə tənzimlənməlidir. Bu, diplomatik binaların toxunulmazlığı prinsipinin birbaşa pozulmasıdır. Hər hansı səfirliyin təhlükəsizliyinin təmin edilməsi səfirliyin yerləşdiyi ölkənin borcudur.
Azərbaycan hər zaman terrora qarşı mübarizədə beynəlxalq həmrəylik nümayiş etdirmiş, qlobal terrora qarşı qəti mövqe bildirmişdir. Tolerantlığın, demokratik ənənələrə söykənən mühitin hökm sürdüyü Azərbaycanda terrorun bütün növləri qətiyyətlə pislənir. İranda baş verən xain hücum aktı da illərlə terrordan əziyyət çəkmiş Azərbaycan xalqı tərəfindən qətiyyətlə pislənilir. Xatırladaq ki, bu terror faktı bütün demokratik dünya, beynəlxalq aləm tərəfindən də etirazla qarşılanıb.
Bir daha baş verənlərə etirazımızı bildiririk və bütün Azərbaycan xalqına başsağlığı veririk.
Əsli Kazımova
Azərbaycan Sosisal Rifah Partiyasının sədri”