Qərbi Azərbaycan İcmasının inzibati binasında Göyçə mahalı Basarkeçər rayonu Nərimanlı kəndinin bir qrup sakini ilə görüş keçirilib.
Boyukmillet.com xəbər verir ki, görüşdə tibb elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Nuru Bayramov Nərimanlı kənd sakinləri adından çıxış edib. Bildirib ki, görüşün təşkil edilməsində başlıca məqsəd Azərbaycan Prezidenti İlham Əliyevin tarixi torpağımız Qərbi Azərbaycana qayıdışla bağlı siyasətinə dəstək ifadə etməkdir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələrimizin Qarabağ və ətraf rayonları işğaldan azad etdiyini, hazırda həmin ərazilərdə genişmiqyaslı və sürətli quruculuq işlərinin həyata keçirildiyini, Qarabağa həyatın qaytarıldığını, Böyük Qayıdışa başlanıldığını xatırladan N.Bayramov Göyçəyə qayıdışın da mümkün olacağını vurğulayıb.
Professor N.Bayramov dövlət başçısının Qərbi Azərbaycan İcmasının inzibati binasında bir qrup ziyalı ilə keçirdiyi görüşdə səsləndirdiyi – “Gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək. Əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar”, – fikirlərini xatırladıb. Deyib ki, hər zaman öz vədinə sadiq çıxan Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Qərbi Azərbaycan torpaqlarına qayıdış da mümkün olacaqdır. Onun sözlərinə görə, bu tarixi günü yaxınlaşdırmaq və yaşamaq üçün Qərbi Azərbaycandan vaxtilə deportasiya olunan hər bir azərbaycanlı, o cümlədən Göyçə mahalı Basarkeçər rayonu Nərimanlı kəndinin sakinləri də Qərbi Azərbaycan İcmasına daim dəstək olmağa hazırdırlar.
Milli Məclisin deputatı Naqif Həmzəyev Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasına böyük diqqət və qayğı ilə yanaşdığını, İcmanın öz fəaliyyətini yüksək səviyyədə qurması üçün dövlət dəstəyinin göstərildiyini söyləyib. Bildirib ki, ölkə rəhbəri səsləndirdiyi fikirlərlə Qərbi azərbaycanlıların, eyni zamanda Nərimanlı kənd sakinlərinin üzərinə böyük məsuliyyət və vəzifə qoyub. Millət vəkilinin sözlərinə görə, bu vəzifələrin yerinə yetirilməsi üçün hər kəs səfərbər olmalı, öz bacarığı ilə ümumi işə töhfə verməli, Prezidentin siyasətinə dəstəyini ifadə etməlidir. O, Qərbi azərbaycanlıların Ulu öndər Heydər Əliyevə dəstək olduğu kimi, onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevə də dəstək olduğunu bildirib. Deputat N.Həmzəyev ölkə başçısının Qərbi azərbaycanlıları tarixi torpaqlarına qaytaracağına əminlik ifadə edib.
Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli rəhbərlik etdiyi qurumun, İcmanın inzibati binasının bütün Qərbi azərbaycanlıların dogma ocağı olduğunu, ən müxtəlif toplantı, görüş və tədbirlərin keçirilməsi üçün burada hər kəsə eyni dərəcədə şərait yaradıldığını diqqətə çatdırıb. 2022-ci il avqustun 3-də “Azərbaycan Qaçqınlar Cəmiyyəti” İctimai Birliyinin ümumi yığıncağının keçirilməsindən, Cəmiyyətin Qərbi Azərbaycan İcması adı ilə qeyri-kommersiya təşkilatına çevrilməsindən, yenidən təşkil olunmasından, Nizamnaməsinin təsdiq olunmasından, İdarə Heyəti, Müşahidə Şurası, Nəzarət-Təftiş Komissiyasının üzvlərinin və sədrlərinin seçilməsindən söhbət açıb. Azərbaycan Prezidentinin 2022-ci il dekabrın 24-də öz ad gününü Qərbi Azərbaycan İcmasının inzibati binasında bir qrup Qərbi azərbaycanlı ziyalı ilə görüşərək keçirdiyini xatırladan millət vəkili tarixi torpaqlarımıza qayıdış üçün ölkə başçısının icma qarşısında mühüm vəzifələr müəyyən etdiyini söyləyib. Bildirib ki, bu vəzifələrdən irəli gələrək, İcmanın ilk işi müxtəlif vaxtlarda etnik mənsubiyyətinə görə Ermənistan ərazisindən kütləvi şəkildə deportasiya olunmuş azərbaycanlıların və onların varislərinin ictimai-mədəni birliyinə nail olmaqdır.
Millət vəkili deyib ki, bu işin davamı olaraq, onların hüquqlarının beynəlxalq müstəvidə bərpası, Ermənistan ərazisində Azərbaycan xalqının yaratdığı zəngin tarixi-mədəni irsin öyrənilməsi, təbliğ olunması və tam məhv olunmasının qarşısının alınması, həmin insanların öz ata-baba yurdlarına qayıtmaq hüququnun təmin edilməsi, birgəyaşayışa nail olunması üçün bütün lazımi tədbirlər görüləcəkdir. Ə.Ələkbərli Qərbi Azərbaycana Qayıdış konsepsiyasından, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı səviyyəsində, həmçinin xaricdəki Azərbaycan diasporu vasitəsilə görülən və görüləcək işlərdən də geniş söhbət açıb.
Ömrünün 50 ilini təhsilə həsr etmiş müəllim, “Nərimanlı” kitabının müəllifi Niftalı Quliyev, İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayev, Azərbaycan Tibb Universitetinin (ATU) müəllimi, həkim-mütəxəssis Şirazi İbrahimov, tanınmış telejurnalist Möhsün Qədiroğlu, tibb üzrə fəlsəfə doktoru Abbas Bağırov, təlim-tərbiyə işləri üzrə direktor müavini Asəf Vəliyev, həmçinin Nərimanlı kəndinin digər sakinlərindən Şahlar Hacıyev, Sahib Musayev, Sabutay Hacıyev, Sabit Nadirov, Qabil Müseyibov və başqaları da görüşdə çıxış edərək öz fikirlərini bildirib, tövsiyələrini səsləndiriblər.
Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli ona ünvanlanan, icmanın gələcək fəaliyyətini əhatə edən sualları ətraflı cavablandırıb.
Görüşün sonunda Nərimanlı kənd sakinlərinin iştirakı və ümumi razılığı ilə Nərimanlı kənd icması yaradılıb, icmanın təşkilat komitəsinə üzvlər seçilib, onların görəcəyi işlər müəyyənləşdirilib.