Bazar , 29 Sentyabr 2024
Drone Cameras

Dağıntılar altında qalmış Dərəkənddən reportaj: “Oğlumun cansız bədənini çıxarda bildik”

Türkiyənin Kahramanmaraş şəhəri ilə yanaşı ətraf ərazilərdə yaşayan insanlar da zəlzələdən zərər çəkib.

Boyukmillet.com xəbər verir ki , şəhər mərkəzindən təxminən 18 km uzaqda yerləşən Dulkadiroğlu rayonunun Dərəkənd kəndində yaşayan sakinlər də təbii fəlakətin qurbanları olub.

Beş yüz nəfərin yaşadığı kənddə zəlzələ zamanı 4 nəfər həlak olub. Evlərin bir çoxu dağıntılar alıtında qalıb. Bəzi evlərə isə ciddi ziyan dəyib, lakin hələ də təhlükəli olaraq qalır.

Hazırda kəndin insanlar çadırlarda yaşayır. Onlara humanitar yardım edilib və yardımlar gəlməkdə davam edir.

Kənd sakini İrfan Dəyirməncı “Report”un Türkiyəyə ezam olunmuş əməkdaşı ilə söhbət edən zaman deyib ki, zəlzələ anı ailəsi ilə birlikdə dağıntılar altında qalıb. O bildirib ki, oğlu təbii fəlakətin qurbanı olub:

“Üçmərtəbəli evdə qalırdıq. Həmin zaman evimiz çökdü, altında qaldıq. Sonra bizi dağıntılar altından sağ çıxartdılar. Lakin 42 yaşlı oğlum Cəlal öldü. Onun dağıntılar altında qalan cansız bədənini çıxarda bildik. Kənddə oğlumdan başqa 3 nəfər də zəlzələ zamanı həyatını itirdi”.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.

İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.

Türkiyədə zəlzələ nəticəsində azı 31 643 nəfər ölüb, 80 278 nəfər yaralanıb.

Check Also

Bayden Ukraynaya 5,5 milyard dolların ayrılmasını təsdiqləyib

ABŞ Prezidenti Cozef Bayden prezident səlahiyyətləri çərçivəsində Konqres tərəfindən təsdiqlənmiş vəsaitlərdən qalan 5,5 milyard dolların …