Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Yunan yanğınsöndürənin türk uşaqla fotosu real deyil

Faktyoxla Lab. son 2 günün trendinə çevrilmiş fotonu araşdırıb.

Foto qoruyucu dəbilqəsində Yunanıstan Xüsusi Fəlakətlərə Müdaxilə Qrupunun abbreviaturası E.M.A.K. yazılmış bir kişinin qolunda Türkiyə bayrağı vurulmuş qız uşağını bağrına basması əks etdirən kadrdan ibarətdir.

Əksər istifadəçilər tərəfindən yüksək coşqu, sevgi ilə paylaşılan, sürətlə sosial media platformalarının trendinə düşən bu fotonun real olmadığı ilk baxışdan diqqəti cəlb edir.

Belə ki, yanğınsöndürənin sağ əlində 6 barmağının olması, sol əlinin isə redaktə proqramı ilə kobud kəsildiyi açıq görünür.

İkincisi, fotonu bu resursa daxil etdikdə aşağıdakı analiz alınır:

Yəni, qucağında uşaq olan qoruyucu dəbilqəli gəncin fotoşəkilinə bu əlavələr sonradan edilib.

Nəhayət, üçüncü fərq, Türkiyəyə gələn Yunanıstan xilasedicilər qrupunun ekipirovkası, üst geyimi fotoda görünən şəxsin formasından fərqlidir.

Bu texniki tərəfi.

İndi fotonun müəllifinin kimliyini dəqiqləşdirək.

Araşdırma zamanı bu fotonu ilk olaraq “reddit” platformasında yayıldığını aşkarladıq.

Lakin bu fotonun şərh bölümündə rastlaşdığımız bir iddia bizi Panagiotis Kotridis adlı ehtiyatda olan yunan zabitinə yönləndirdi. Məlum oldu ki, fotonun müəllifi doğrudan da Cənubi Ege Regional Xilasetmə Dairəsinin keçmiş komandiri, general-mayor Kotridisdir.

Diqqət edirsinizsə orijinal fotoya imza əlavə edilib.

Panagiotis Kotridis uzun müddət Samos Yanğınsöndürmə Xidmətinin komandiri, Hərbi Hava Təhlükəsizliyi Qüvvələrinin komandirinin müavini, METPE Motorlu Xüsusi Yanğından Mühafizə Bölməsinin rəhbəri olub. Həmin paylaşımda general etiraf edir ki, foto real deyil, süni intellekt vasitəsilə yaradılan rəqəmsal rəsmdir. Yəni, bu yanğınsöndürən, qucağındakı uşaq real insanlar deyil, uydurulmuş personajlardır. Bu təsirli əsər isə “AI generation proqramının Midjourney aləti” ilə hazırlanıb.

Bu faktı Yunanıstanın bir saytı da təsdiqləyib. “Türkiyədə zəlzələ: EMAK-ın işinin internetdə yayılan görüntüsü” başlıqlı məqalənin alt-başlığı belədir: “Yunan və Türkiyə sosial mediasında duyğulara səbəb olan General-mayor Panagiotis Kotridisin rəqəmsal sənət şəkli”. Məqalədə qeyd olunur ki, fotonun müəllifi bunun əsl foto olmadığını deyir və sadəcə yanğınsöndürənlər komandasını ruhlandırmaq üçün hazırlanmış kompazisiya olduğunu bildirir. “Photoshop” və “Midjourney” (süni intellekt proqramı) vasitəsilə müəllif tərəfindən hazırlanıb.

Yunanıstanın məşhur faktyoxla saytı da araşdırma apararaq qeyd etdiyimiz faktı təsdiqləyib.

Mövzu ilə bağlı faktyoxla aparmağımızın başlıca səbəbi isə Azərbaycandan olan istifadəçilərin bu məsələyə milli-etnik ədavət, siyasi maraqlar prizmasından baxması və kompazisiyanın gözəlliyinə dar düşüncələri ilə xələl gətirmələri oldu.

Kompazisiyanın müəllifinin paylaşımına diqqət etsək orada etnik-milli, siyasi qarşıdurma, düşmən münasibətlər haqda bir dənə də rəyə rast gəlinmir. Amma separatçı mövqeyi ilə hər zaman tənqid olunan bu şəxsin qeyd olunan şərhi doğrudan da yersiz və yöndəmsizdir. 

Bizim bu nəcib işlə bağlı düşüncələrimiz isə belədir: Müəllif bu eskizlə yunanların bu gün Türk xalqına nə hisslə yanaşdıqlarını göstərməyə çalışıb… Bu həmrəyliyin, sevginin və şəfqətin eskizidir…

Nəticə:

  • Qucağında türk uşağını xilas edən yunan yanğınsöndürən əks olunmuş foto real deyil, süni intellekt vasitəsilə yaradılan rəqəmsal rəsmdir.

Check Also

İmran Əliyev səhhətindəki problemlərə görə aclığı dayandırıb

“Aclıq sağlıq durumunu daha da pisləşdirib” Həbsdə olan ictimai fəallardan “meclis.info” saytının rəhbəri, 7 aydır …