Lumiere Lyon Universitetinin Zamanlar və ərazilər, incəsənət və arxeologiya tarixi şöbəsinin tədqiqat komissiyasının və elmi şurasının üzvü, qədim Yaxın Şərq arxeologiyası üzrə professor Mişel Kazanovanın təşkilatçılığı ilə Lyon Şərq və Aralıq dənizi evində (“la Maison de l’Orient et de la Méditerranée à Lyon”) “Arxeoloji qazıntılar, Fransa-Azərbaycan əməkdaşlığının 10 illiyi” adlı sərgi təşkil olunub.
Boyukmillet.com Nuhcixan-a istinadən xəbər verir ki, sərgidə iki ölkənin arxeoloqlarının Naxçıvan və Lənkəranda apardıqları qazıntılar zaman tapılan əşyalar nümayiş olunub.
Açılış mərasimində çıxış edən professor Mişel Kazanova arxeoloji qazıntılar sahəsində mövcud sıx əməkdaşlıq, tapılan əşyalar (daş alətlər, qablar, insan sümükləri) haqqında məlumat verib. Bildirib ki, həmin əşyalar Fransaya gətirilərək analiz olunub və onların hansı dövrə aid olduğu müəyyənləşib. Bu əşyalar Neolit dövründən Dəmir dövrünə qədər olan tarixi kəsiyi əhatə edir.
Azərbaycanın Fransadakı səfirliyinin müşaviri Vaqif Ağayev iki ölkə arasında əməkdaşlıq əlaqələrindən danışıb. O, arxeologiya sahəsində əməkdaşlığın elmi tədqiqat üzrə birgə layihələr həyata keçirilməsinə töhfə verəcəyinə ümidvar olduğunu deyib.
Mişel Kazanova və Katerin Marro noyabr ayından etibarən Azərbaycanda aparılan arxeoloji qazıntılar haqqında Lyon Universitetində mühazirə oxuyacaqlar.
Sərgi dekabrın 12-dək ictimaiyyətə açıq olacaq.