Çərşənbə , 27 Noyabr 2024
Drone Cameras

Yaddan çıxmaz İrəvan, Göyçə, Zəngəzur, Gümrü…

Erməni işğalçılarının soydaşlarımızı tarixi torpaqlarımız olan  Qərbi Azərbaycandan son nəfərinədək qovub-çıxarmasından 30 il keçir. Əsası həmin faciəli günlərdə qoyulmuş  Azərbaycan Qaçqınlar Cəmiyyətinin və bu yaxınlarda yaradılmış Qərbi Azərbaycan İcmasının sədri, naşir-ədəbiyyatşünas Əziz Ələkbərli  soydaşlarımızın yurd itkisi və  Vətən həsrəti, doğma ocaqlarına qayıtmaq yolunda mübarizəsi barədə mediaya açıqlamasında bir sıra önəmli məsələlərdən söhbət açıb. Vətəndaş cəmiyyəti qurumunun rəhbəri deyib:

Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisi, onun gerçək tarixi Sovet dövründə Azərbaycan elmi-ictimai fikri üçün xeyli dərəcədə qapalı zona olub. Yəni o coğrafiya Azərbaycan Respublikasının hüdudlarından kənarda qaldığı, “başqa respublikanın ərazisi” olduğu üçün Azərbaycan alimləri tərəfindən öyrənilməsinə imkan verilməyib. Erməni alimləri üçün də bu, maraqlı olmayıb, çünki onlar yaxşı bilirdilər ki, bu ərazi tarix boyu Azərbaycan-türk torpaqları olub, ermənilər isə ora bəlli bir tarixdə gəliblər və bu tarix o qədər də uzağa getmir. Bütün bunların nəticəsi olaraq, Azərbaycan etnik mədəni sisteminin tərkib hissəsi olan o ərazilərin bütün maddi və mənəvi dəyərləri zaman-zaman qəsb və talanlara məruz qalıb.

Nəticə göz qabağındadır, ermənilərin iki yüz ildən bəri yeritdiyi qəsbkarlıq və erməniləşdirmə siyasəti nəticəsində o torpaqlar bu gün, bütövlükdə, erməni işğalı altındadır. O torpaqlarda min illərdən bəri yaşayan türk-müsəlman əhali öz doğma yurdundan tamamilə qovulub- çıxarılıb. Onların əsrlər boyu yaratdığı maddi mədəniyyət abidələri ya məhv edilib, ya da erməniləşdirilib.

Bu yaxınlarda soydaşlarımızın Qərbi Azərbaycandan sonuncu deportasiyasının 30 ilinin tamam olmasına toxunan Əziz Ələkbərli bildirib:

-Həmin hadisələrdən çox böyük bir tarix keçməyib. 1988-ci ildə xalqımız böyük bir fəlakətlə üz-üzə qaldı. 1988-ci il Azərbaycan tarixinə təkcə Qarabağ hadisələrinin başlandığı zaman kimi düşmədi, həmin il biz Qərbi Azərbaycan dediyimiz tarixi torpaqlarımızı da itirdik. 29,8 min kvadrat kilometrlik bu ərazi son qarışına qədər tarixi Azərbayacan torpaqlarıdır. Bu torpaqlar bizə babalardan miras qalmışdı, lakin biz, millət olaraq, o torpaqları qoruya bilmədik.

O vaxtkı SSRİ rəhbərliyinin ermənipərəst siyasəti nəticəsində Ermənistan Azərbaycana qarşı ərazi iddiası qaldırdı və Qarabağın dağlıq hissəsini Azərbaycandan qoparmağa çalışdı. Bütün Azərbaycan xalqı kimi, Qərbi Azərbaycandakı soydaşlarımız da ermənilərin bu işğalçılıq siyasətinə qarşı mübarizəyə qalxdılar. Lakin əfsus ki, Azərbaycanın o vaxtkı satqın rəhbərliyi “Ermənistandakı” soydaşlarımızı müdafiə etmədi və nəticədə əliyalın, müdafiəsiz əhali soyqırımla müşayiət olunan deportasiyaya məruz qaldı. Yüz minlərlə insan ata-baba yurdlarından qovulub-çıxarıldı. Yüzlərlə azərbaycanlı bu prosesdə ermənilər tərəfindən qətlə yetirildi, yaralandı.

Bu hadisələrə o vaxtkı Azərbaycan rəhbərliyinin laqeyd münasibətindən ürəklənən ermənilər Qarabağ uğrunda fəaliyyətlərini daha da gücləndirdilər, daha dəqiq desək, bu münaqişəni silahlı mübarizə müstəvisinə keçirdilər. Dağlıq Qarabağın azərbaycanlı kəndləri bir-bir işğal olunmağa başladı. Bununla da bütün millətin diqqəti Qarabağa yönəldi və ermənilərin Qərbi Azərbaycanda törətdiyi vəhşiliklər arxa plana keçdi. Bu, ermənilərin ənənəvi hiyləsi idi. Bundan sonra növbəti faciələr, Azərbaycanın torpaq itkiləri, bir milyona yaxın məcburi köçkün axını və s. baş verdi.

Azərbaycan Qaçqınlar Cəmiyyətinin  hədəflərini açıqlayan qurum sədri daha sonra deyib:

-Son zamanlar bizim cəmiyyətdə müşahidə olunan fəallıq Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlarla bağlıdır. Bizim cəmiyyətin də belə dəyişikliyə ehtiyacı vardı və buna görə də həyata keçirilən son islahatları böyük coşqu ilə qarşıladıq. Azərbaycan Qaçqınlar Cəmiyyəti də bu islahatları ürəkdən dəstəkləyir. Lakin qaçqınlar cəmiyyəti olaraq bizim əsas hədəfimiz tarixi torpaqlarımız uğrunda mübarizədir. Bu mübarizə tarixi Azərbaycan torpaqlarının son qarışı qaytarılana qədər davam edəcək.

Cənab Prezident çıxışlarında dəfələrlə deyib ki, İrəvan, Göycə, Zəngəzur, bütövlükdə Qərbi Azərbayacan tarixi Azərbaycan torpaqlarıdır, biz gec tez o torpaqlara qayıdacayıq və bu, bizim strateji hədəfimizdir. Əgər Prezident dövlətin strateji hədəfini bu qədər dəqiq göstərirsə, dövlətin bütün qurumlarının borcudur ki, bu hədəfə doğru mübarizəyə öz töhfəsini versin.

Amma təəssüf ki, ayrı-ayrı qurumlardan, elə soydaşlarımızın özlərindən də bu yöndə əməli fəaliyyət görmürük. Hansı dövlət qurumuna müraciət etsəniz ki, 1988-ci il hadisələri zamanı Qərbi Azərbaycandan neçə nəfər qaçqın düşüb, neçə kənddən soydaşlarımız qovulub çıxarılıb, neçə abidəmiz, neçə qəbiristanlığımız məhv edilib, neçə nəfərimiz ermənilər tərəfindən qətlə yetirilib, neçəsi yaralanıb, soydaşlarımıza nə qədər maddi ziyan dəyib– dəqiq, əsaslı cavab verə bilməyəcək. Azərbaycan Qaçqınlar Cəmiyyəti olaraq, biz öz imkanlarımız daxilində bu məsələlərlə məşğul olmağa çalışırıq, dövlət başçısı İlham əliyevin göstərdiyi hədəf uğrunda mübarizə aparırıq.

Amma bu, tək Qaçqınlar Cəmiyyətinin deyil, bütün cəmiyyətin işiolmalıdır. Bu, Qarabağ torpaqlarının işğaldan azad edilməsi qədər önəmli bir məsələdir. Bu məsələdə buraxılan səhvlər, ötürülən zaman, itirilən faktlar üçün hər kəs öz səlahiyyət, vəzifə və borcu səviyyəsində gələcək nəsillər qarşısında cavab verməli olacaq. Zaman gözləmir, o hadisələrin şahidləri sürətlə dünyasını dəyişirlər. Biz isə hələlik ancaq onu edə bilirik ki, millətin erməni işğalı altında olan tarixi torpaqlarımıza bağlılığının qırılmasına imkan verməyək.

Torpaqlar isə əvvəl mənəvi sferada qaytarılır, sonra Yer üzərində. Yəni millət həmin torpaqları əvvəl özünün Ata yurdu kimi dərk eləməlidir. Həmin torpaqların tarixi Azərbaycan torpaqları olduğu millətin şüuruna yeridilməlidir. Bundan sonra heç bir qüvvə bu millətin həmin ata-baba yurdlarına qayıdışının qabağını saxlaya bilməz. Onda Qarabağ da qayıdacaq, İrəvan, Göyçə, Zəngəzur da. Bizim Cəmiyyətimiz də bu gün ilk növbədə bu işlə məşğuldur.

Bugünlərdə yaradılmış Qərbi Azərbaycan İcması deyilən qurumun fəaliyyət hədəflərindən söhbət açan Əziz Ələkbərli bildirib:

-Əslində, bu, bir sosial sifariş idi. İllərdir ki, insanlar Qərbi Azərbaycan torpaqlarının zaman keçdikcə unudulması təhlükəsini yaşayırdı. Yaşlı nəslimiz Vətən həsrəti ilə dünyasını dəyişir, orta nəsil torpaqlara qayıtmaq ümidini itirir, gənclərimiz ata-baba yurdları haqqında söhbətlərə nağıl kimi qulaq asmağa başlayırdılar. Bu, millətin böyük bir kəsiminin mənəvi soyqırımının davam etməsi deməkdir. Ən dəhşətlisi isə odur ki, bu ikinci– mənəvi soyqırımını ermənilər yox, özümüzün Qərbi Azərbaycan probleminə laqeydliyimiz həyata keçirir. Beləliklə, çox müzakirələrdən sonra belə qərara gəldik ki, Qərbi Azərbaycan İcması yaradılsın. Bu icma ictimai təşkilat olduğu üçün ölkədaxili siyasi proseslərə qarışmayacaq, bizim hədəfimiz Qərbi Azərbaycanlıların tarixi torpaqlarına bağlılığının qırılmasına imkan verməmək, onların kənd və rayon icmalarında birləşərək ata-baba adətlərini, mənəvi mühitlərini qoruyub saxlamasına nail olmaqdır.

Heç şübhəsiz, bu gün erməni işğalı altında olan ata-baba torpaqları uğrunda mübarizə aparmaq onların insani hüququdur. Kimə demək olar ki, ata-baba yurdunu tələb etmə. Ulu öndər Heydər Əliyevin imzaladığı Qərbi Azərbaycan qaçqınlarının statusu barədəki fərmanında da birmənalı şəkildə yazılıb ki, Qərbi Azərbaycan qaçqınlarına Azərbaycan vətəndaşlığı verilir, lakin onlar qaçqınlıq statuslarını və tarixi vətənlərinə qayıtmaq hüququnu saxlayırlar. Bu, ulu öndər tərəfindən bizə verilən hüquqdur.

Əziz Ələkbərli sonda deyib:

-Görüləsi iş isə çoxdur. İlk növbədə, 1988-ci il hadisələri ilə bağlı təcili olaraq bütün materiallar, sənədlər, şəkillər toplanmalı, arxivləşdirilməlidir. Qərbi Azərbaycanlıların 1988-ci il soyqırımının Arxivi və Muzeyi yaradılmalı, Xatirə Parkı salınmalı və Anım Abidəsi ucaldılmalıdır. Bunun üçün ya xüsusi komissiya, ya mərkəz yaradılmalı, ya da bu məsələ rəsmi olaraq Azərbaycan Qaçqınlar Cəmiyyətinə həvalə olunmalıdır.

Azərbaycan Qaçqınlar Cəmiyyəti respublikada bütün bu işləri görə biləcək yeganə qurumdur. Qarşıda duran bu və diğər önəmli işləri görməklə biz həm gələcək nəsillər qarşısında öz tarixi borcumuzu yerinə yetirmiş olarıq, həm də Qarabağ probleminin dinc yolla həllinin sürətləndirilməsinə kömək edə bilərik. Başqa sözlə, bütün Ermənistanı itirmək təhlükəsi qarşısında qalan ermənilər Qarabağ işğalına son qoymaq məcburiyyətində qalarlar. Yeni yaradılmış Qərbi Azərbaycan icması artıq bu istiqamətdə öz işini qurmaqdadır.

Hazırladı:
Tahir AYDINOĞLU,

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …