Çərşənbə , 27 Noyabr 2024
Drone Cameras

Samir Adıgözəlli: “Prezidentin köməkçisinin geniş müsahibəsində çox ciddi məqamlar var, BQXK…”

“BQXK-nin tutduğu mövqe, yol verdiyi sui-istifadə halları, hay lobbisinə nökərçiliyi Cenevrə Konvensiyasına və başqa beynəlxalq konvensiyalara ziddir”

“BQXK itkin düşmüş azərbaycanlılarla bağlı, demək olar ki, heç bir iş görmür”. Bunu Prezidentin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Report”a müsahibəsində bildirib.

Hikmət Hacıyev qeyd edib ki, Ermənistan birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 3900-a qədər soydaşımızın taleyinin müəyyənləşdirilməsi üçün əməkdaşlıq etmir, onların basdırıldığı kütləvi məzarlıqların yerlərini bildirməkdən boyun qaçırır.

“Bizim bu məsələdə Beynəlxalq Qırmızı Xaç Komitəsinə də müəyyən suallarımız var. BQXK itkin düşmüş azərbaycanlılarla bağlı demək olar ki heç bir iş görmür.

Bundan əlavə, BQXK-nın Xankəndi Ofisi hələ də Bakı Ofisinə deyil, siyasi cəhətdən Cenevrəyə, logistika cəhətdən İrəvan ofisinə tabe olmaqda davam edir. Təəssüf ki, BQXK bizim etimadımızdan sui-istifadə edir. Artıq rəsmi qaydada BQXK-nı Azərbaycanın suverenliyinə zidd olan bu praktikaya son qoymağa və Xankəndi Ofisinin Bakı Ofisinə tabe etdirilməsinə dair Azərbaycana konkret vaxt cədvəli təqdim etməyə çağırmışıq”.

  • “…Bu komitə öz missiyasını unudub”

Mövzu ilə bağlı fikir bildirən İSBAM sədri Samir Adıgözəlli “Bakı-Xəbər”ə dedi ki, Beynəlxalq Qızıl Xaç Komitəsi 30 ildən artıq hayların və Hayastanın maraqlarını güdür və xaricdəki hay lobbisinin əlində oyuncağa çevrilib. Azərbaycan dövlətinin BQXK ilə bağlı tələblərinin qeyd-şərtsiz yerinə yetirilməli olduğunu deyən S.Adıgözəlli hesab edir ki, dövlətimizin tələbləri haqlıdır. Birinci Qarabağ müharibəsi dövründə Azərbaycanın 4 minə yaxın vətəndaşı itkin düşüb, onlar barədə indiyə qədər heç bir məlumat verilmir, halbuki, bu məsələ birbaşa BQXK-nin məsuliyyətinə aiddir. “Prezidentin köməkçisi Hikmət Hacıyevin geniş müsahibəsində çox ciddi məqamlar var. Hayastanın pozuculuq fəaliyyəti və Beynəlxalq Qızıl Xaç Komitəsi ilə bağlı səsləndirilən iradlar tamamilə yerindədir. Birinci Qarabağ müharibəsində itkin düşən, girov götürülən 4 minə yaxın vətəndaşımızın taleyi barədə Hayastanın indiyə qədər məlumat verməməsində BQXK-nın “rolu” az deyil. BQXK azərbaycanlı girov və əsirlərlə bağlı, demək olar ki, geniş iş görməyib. Baxmayaraq ki, Azərbaycan tərəf illərdir ki, bu tələblə çıxış edir. Aydın görsənir ki, 30 ildən artıqdır bu komitə öz missiyasını unudub və hay lobbisinin maraqlarına xidmət edir. Çox təəssüf ki, indiyə qədər BQXK-nı hay dəyirmanına su tökən görmüşük. İllərdir, Birinci Qarabağ müharibəsində itkin düşən və girov götürülən vətəndaşlarımızın ailə üzvləri də bu komitəyə yaxınları barədə məlumat almaq üçün müraciət edirlər, amma BQXK-nın laqeydliyi ilə üzləşirlər. Azərbaycanlı itkinlərin taleyinə biganə yanaşan BQXK Laçın yolundakı hadisələrə qarışır, Azərbaycanı əsassız olaraq ittiham edir. Bu təşkilat açıq-aydın separatçılardan yanadır”.

S.Adıgözəlli hesab edir ki, BQXK da Azərbaycana qarşı ikili standartla yanaşır, bu da o biri beynəlxalq təşkilatların tutduğu yolun davamıdır. “Çox təəssüf ki, BQXK öz missiyasına uyğun fəaliyyət göstərməkdən çox hay lobbisinin buyruqlarını yerinə yetirməklə məşğuldur. Təsəvvür edin ki, bu qurumun işi-gücü yalnız hayları, Hayastanı müdafiə etməkdir. Halbuki, BQXK-nın burada birbaşa vəzifəsi Ermənistan tərəfindən girov götürülmüş Azərbaycan vətəndaşlarının taleyini ciddi araşdırmaq və öz üzərinə düşən işi görməkdir. Amma biz bunu görmürük, bu qurum hayların müdafiəçiləri arasındadır. Nə üçün BQXK-nın Xankəndidə ofisi olmalıdır, burada ofis açmaq üçün Azərbaycandan icazə alıblarmı? Əlbəttə, icazə almayıb və oradakı fəaliyyətləri tamamilə qanunsuzdur. Odur ki, qurum özünün Xankəndidə qanunsuz açdığı ofislə bağlı tədbir görməlidir. BQXK-nin tutduğu mövqe, yol verdiyi sui-istifadə halları, hay lobbisinə nökərçiliyi Cenevrə Konvensiyasına və başqa beynəlxalq konvensiyalara ziddir. Hesab edirəm ki, bu təşkilat Azərbaycanın çağrışlarından nəticə çıxarmalıdır, əks halda özünü tamamilə beynəlxalq aləmdə gözdən salacaq. Onsuz da belə təşkilatlara etimad çox azdır…”

S.Adıgözəllinin sözlərinə görə, Azərbaycanın tələbləri birmənalı olaraq yerinə yetirilməli və BQXK öz mandatından kənara çıxmamalıdır…

Əli TURABOV

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …