Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Putini cadu-pitidən qoruyan və bəsirətlərini paylaşan qoca – “Kremlin ağsaqqalı” – Fotolar

Oktyabrın 9-da Rusiya prezidenti Vladimir Putin cəmiyyətdə az tanınan, amma siyasi çevrələrdə geniş şöhrət sahibi olan bir keşişi ordenlə mükafatlandırıb.

O kimdir?

Rusiyaya hansı xidmətləri göstərib?

Boyukmillet.com rus mediasına istinadla “Kremlin ağsaqqalı” kimi tanınan pravoslav ruhani ilə bağlı araşdırma aparıb.

…2010-cu ilin aprel ayında boz saçlı, qozbel, abid qoca İlya (Nozdrin) Anatoli Brovko adlı pərəstişkarı ilə görüşdü. İkisinin də həyatında mühüm dəyişikliklər baş vermişdi. İlya Rus Pravoslav Kilsəsinin patriarxının hökmü ilə bir il əvvəl skiarximandrit dərəcəsinə yüksəldilmişdi. Brovko isə bir neçə ay əvvəl Volqoqrad vilayətinin qubernatoru olmuşdu.

Məmur görüşdən məmnun qaldı. Brovko öz bloqunda yaşlı insanı belə təsvir etdi: “O, bəsirət sahibi olan heyrətamiz bir insandır”.

Daha sonra qubernator bir dostuna deyib ki, İlyanın bəsirətindən istifadə edərək, Brovko hətta ikinci müddətə qubernator təyin olunacaq.

Brovko siyasi gələcəyinin aqibətini bilmək istəmiş yeganə məmur deyil. Rusiyada bir çox məmurun şəxsi falçısı, bəsirətçisi var.

Putini cadu-pitidən qoruyan və bəsirətlərini paylaşan qoca – “Kremlin ağsaqqalı”

Bunu bir məmur deyir: “Onlar daimi dəhşətli qorxu içində yaşadıqları üçün tez-tez bəsirətçi qocaların yanına gedirlər. Adətən, suallar bu olur: bundan sonra nə olacaq? Vəzifələrini və mövqelərini itirəcəklərmi? Mülkiyyətləri əllərindən alınacaq, ya yox?..”

Moskva ətrafındakı Peredelkinoda İlyanın qəbuluna düşmək üçün hər gün uzun bir növbə yaranır. Onun yanına məsləhət, öyüd-nəsibət və gələcəyini bilmək üçün daha kimlər gəlmir?

İxtiyarına şəxsi cangüdən və “Land Rover” maşını verilmiş, rus patriarxı Kirillin ustadı olan qoca cinçıxarmadan tutmuş vəzifə təyinatına dair bəsirətlərə qədər qabiliyyətləri ilə şöhrət dənizində üzür.

Onu görmək üçün növbəyə duranlar arasında Brovkodan başqa, Kaluqa qubernatoru Anatoli Artamonov, Bryansk vilayətinin başçısı Aleksandr Boqomaz, Sankt-Peterburq qubernatoru Aleksandr Beqlov və Federal Dairə üzrə müavin Vadim Potomskini görənlər olub. Təhlükəsizlik işçiləri də qocanın yanına gedirlər. Şahidlər deyir ki, hətta bir dəfə abid İlyanın yanına 40 general gəlib.

Bir neçə il əvvəl İlyanın maşını Kremlin köhnə meydanında dayanıb və yaşlı adam Prezident Administrasiyasının binasına üz tutub. Orada administrasiya rəhbəri Sergey İvanov (indi prezidentin xüsusi elçisi) və onun birinci müavini Vyaçeslav Volodin (Dövlət Dumasının spikeri) ilə görüşüb.

Bunu görənlər var.

2013-cü ilin sonunda zahid qocanın xanəgahına prezidentin artıq sabiq müşaviri Sergey Qlazyev bir neçə başqa siyasətçi ilə birlikdə təşrif gətirib. Ukraynanın o zamankı prezidenti Viktor Yanukoviç isə Ukrayna ilə Avropa Birliyi arasında assosiasiya sazişi imzalamaq planlarından narahat olarkən, İlya atanı Kiyevə gətirmək üçün xüsusi təyyarə reysi təşkil etməyi təklif edib.

Ahıl adamın Dmitri Medvedevi bəyənmədiyi deyilir. İntəhası dodağından qopmuş “Putin – Tanrının lütfüdür” kəlməsi dildən-dilə dolaşır.

Vladimir Putinin dindarlığı bəllidir. Kilsə mərasimlərində, xüsusilə əlamətdar günlərdə te-tez görünür.

Rusiya prezidentinin pravoslav bəsirətçilərinə bağlılığı və onların sehri altında olması tarixçəsi, yəqin ki, 2000-ci ilin avqustundan başlayır. O zamanlar Pskov-Peçorsk monastrında 90 yaşlı İoann (Krestyankin) ilə Putinin görüşü barədə saysız-hesabsız dedi-qodular mövcuddur.

Onları görüşdürən mərhum rus patriarxı II Aleksiy olmuşdu. Yarıqaranlıq hücrədə baş tutmuş söhbətin məzmunu barədə çoxlu fərziyyələr və yozumlar var. Amma İlya ilə tanışılığın tarixçəsi mücərrəddir. Lakin 7 may 2018-ci ildə, dördüncü müddətə seçiləndən sonra, andiçmə günü prezident qoca və patriarxla birlikdə hamının gözü qarşısında Blaqoveşensk kilsəsində dua edib.

Putini cadu-pitidən qoruyan və bəsirətlərini paylaşan qoca – “Kremlin ağsaqqalı”

İddialar doğrudursa, Putin və İlya bir neçə dəfə görüşüblər. Prezidentin mətbuat katibi Dmitri Peskov da bunu təsdiqləyib. Putin abid qocaya mütəmadi zəng edir, lakin bu söhbətlərin məzmunu Kremlin rəsmi saytında heç vaxt əks olunmur.

8 Mart 2017-ci ildə prezident İlyanı 85 yaşı münasibətilə şəxsən təbrik edib və “kilsəmiz üçün, xalqımız üçün çox şey etdiyini” söyləyib. Ağsaqqal minnətdarlıq edib: “Biz qocalmışıq, amma siz belə deyilsiniz, hələ uzun illər müqəddəs Rusiyamıza xidmət edə bilərsiniz”.

Yəqin ki, bu epizodlarda siyasi elitanın qocaya olan marağının səbəblərindən biri yatır. Rəsmilər Birinci şəxsi ovsunlamış keşiş İlya vasitəsilə prezidentə məlumat, xüsusi mesajlar çatdırmaq istəyir. Amma ondan mistik kömək də almağa ümid edirlər.

“Kremlin ağsaqqalı” çar Nikolayın favoriti olmuş Qriqori Rasputinə rəğbətlə yanaşır. Bəlkə elə özü də indi Vladimir Putinin yanında bu statusdadır?

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …