ABŞ Rusiyadan “S-400” zenit-raket komplekslərinin alınması səbəbindən ölkəyə verilməyən “F-35” qırıcılarının saxlanması üçün Türkiyədən ödəniş almaq istəyir.
Boyukmillet.com xəbər verir ki, bu barədə “Aydınlıq” qəzeti yazıb.
Belə ki, Türkiyə ödəniş etməsinə baxmayaraq Amerika tərəfi 6 ədəd “F-35A Lightning II” qırıcısını 6 ildir ki, anqarda saxlayır.
“Bu təyyarələrin hazır vəziyyətdə saxlanılmasını təmin etmək üçün hər ay texniki xidmət göstərilir. Amerika Birləşmiş Ştatları da təyyarələrin saxlanması, anqar və texniki xidmət xərclərini ödəmək üçün Türkiyədən pul tələb edir.
Eyni zamanda Vaşinqton hesab edir ki, “F-35”lərin tədarük zəncirində iştirak edən Türkiyə şirkətlərinin proqramdan kənarda qalması səbəbindən fasilələr və artan xərclər yaşanır. Odur ki, ABŞ Türkiyədən əlavə ödənişlər almaq istəyir”-, məqalədə deyilir.
Məqalə müəllifləri bildirib ki, Türkiyə hakimiyyəti də öz növbəsində ABŞ-dan Ankaranın Amerikanın beşinci nəsil “F-35” qırıcılarının alınmasına xərclədiyi 1,4 milyard dolların geri qaytarılmasını tələb edir. Hələlik mübahisədə irəliləyiş yoxdur.