Cümə axşamı , 26 Dekabr 2024
Drone Cameras

Abxaziya dəmir yolunun açılmasına dair danışıqlar: “Azərbaycanın şərti var ki, silah daşınmasın…”

Ötən həftənin cümə axşamı Praqada ikitərəfli münasibətlərin yaxşılaşdırılmasına dair Rusiya-Gürcüstan danışıqlarının növbəti raundu keçirilib.

Boyukmillet.com “Nezavisimaya qazeta”ya istinadən bildirir ki, danışıqlarda Rusiya tərəfini xarici işlər nazirinin müavini Qriqori Karasin, gürcü tərəfini baş nazirin xüsusi nümayəndəsi Zurab Abaşidze təmsil edib. Danışıqlarda İsveçrənin SGS şirkətinin Rusiya, Gürcüstan və qondarma Cənubi Osetiya ilə Abxaziya “respublikaları” arasında gömrük nizamlanmasında iştirakı əsas müzakirə mövzusu  olub.

Həmin danışıqlar ərəfəsində qondarma Cənubi Osetiya “respublikasının” rəbəri Anatoli Bibilov Moskvaya səfər edib, Putin ona “müstəqilliyin möhkəmləndirilməsi üçün” bütün lazım dəstəyi verəcəyini bildirib. Bu da rəsmi Tiflisin etirazına səbəb olub. Abaşidze Praqaya uçarkən deyib ki, Bibilovun səfərinə görə Karasinə etiraz bildirəcək.

Neytral ölkə kimi İsveçrənin SGS şirkətinin qondarma respublikalardan keçməklə Rusiya ilə Gürcüstan arasında nəqliyyat əlaqələrinin nizamlanmasında iştirakı isə hələ 2011-ci ildə Dünya Ticarət Təşkilatının tövsiyəsi ilə əldə edilmiş razılaşmaya əsaslanırdı. Lakin həmin vaxtdan bəri tərəflər razılaşmanın detalları üzərində razılıq əldə edə bilməyiblər. SGS şirkətinin nümayəndələri gömrük monitorinqi üçün regionda dörd post yaratmalıdır: Rusiya-Abxaziya və Rusiya-Cənubi Osetiya sərhədlərində, habelə Gürüstan-Abxaziya və Gürcüstan-Cənubi Osetiya inzibati sərhədlərində. 

İqtisadi məsələlər üzrə ekspert Giya Xuxaşvili deyir ki, SGS şirkəti indiyə qədər regionda siyasi anlaşılmazlıqlara görə işə başlamayıblar. Çünki bu şirkətin işə başlaması Abxaziya və Cənubi Osetiyadan yükdaşımaların bərpası deməkdir. Tiflis isə ictimai reaksiyadan ehtiyat edir.

Məsələ burasındadır ki, Abxaziya və Cənubi Osetiyadan keçən kommunikasiyaların açılmasında ən çox maraqlı olan tərəf Ermənistandır. Çünki Gürcüstanın özünün bütün istiqamətlərdə həm dəmir, həm quru yolları ilə çıxışı var. Ermənistanın isə dünyaya çıxışı az əhəmiyyət kəsb edən İran marşrutunu saymasaq ancaq Gürcüstan üzərindəndir. Bu, Ermənistan üçün “həyat yoludur”.

“Gürcüstan Ermənistan qarşısında tranzit öhdəliklərini dəqiq yerinə yetirir, heç bir problem yaratmır. Lakin yüklərin dəniz yolu ilə daşınması baha başa gəlir. Ermənistan istəyir ki, Abxaziyadan keçən dəmir yolu açılsın. Gürcüstanın isə Azərbaycan qarşısında öz öhdəlikləri var. Ona görə də əgər Abxaziyadan keçən dəmir yolu açılarsa müəyyən etmək lazımdır ki, bu yolla hərbi yüklər daşınacaqmı? Gürcüstan birmənalı şəkildə qeyd etməlidir ki, bu dəhlizlə hərbi təyinatlı yüklər daşınmayacaq”-Xuxaşvili deyib.

Qeyd edək ki, Abxaziya dəmir yolunun açılması üçün Rusiya vaxtaşırı olaraq Gürcüstana təzyiqlər edir. Azərbaycan üçün isə bu dəhlizin açılması qəbuledilməzdir, Bakının siyasəti Ermənistanı nəqliyyat blokadası vəziyyətində saxlamaqdır. Bu məsələdə Gürcüstanın “Gürcü arzusu” koalisiyası Azərbaycanın maraqlarını nəzərə almaya bilməz.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir