Cümə , 22 Noyabr 2024
Drone Cameras

Administrasiya rəsmiləri müxalif liderlərlə görüşlərə başlayıb – Nə baş verir?

Azərbaycan hakimiyyəti müxalifətlə münasibətlərinə yenidən baxmağa başlayıb.

Artıq Prezident Admnistrasiyasının (PA) rəsmiləri müxalifət liderləri ilə görüşlər keçirməyə başlayıb. Konkret olaraq bu gün Respublikaçı Alternativ Partiyasının (REAL) sədri İlqar Məmmədovla PA-nın Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev arasında görüş keçirilib. Bu barədə məlumatı İlqar Məmmədovun özü yayıb. Görüş PA rəsmisinin dəvəti əsasında “Respublika” qonaq evinin konfrans zalında baş tutub.

“Bu gün Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin dəvəti ilə REAL sədri olaraq onunla görüşdüm, söhbət etdik. Hakimiyyət və müxalifət arasında siyasi dialoq və əməkdaşlığın vacibliyini söhbət zamanı qarşılıqlı olaraq bildirdik. Daha çox tanışlıq görüşü idi, bəzi perspektiv mövzulara sadəcə toxunduq. Ümid edək ki, bundan sonra müntəzəm ünsiyyət və əməkdaşlıq siyasi rəqabətin tərkibində layiqli yer alacaq. Görüş Prezident Administrasiyasında deyil, “Respublika” qonaq evinin konfrans zalında keçirildi”, – deyə REAL sədri bildirib.

Güman edilir ki, hakimiyyət islahatlar kampaniyası çərçivəsində siyasi açılımlar etmək niyyətindədir. Əslində bu prosesə növbədənkənar parlament seçkilərilə start verilmişdi. Təsadüfi deyildi ki, Prezident İlham Əliyev Milli Məclisin buraxılmasını islahatların tərkib hissəsi kimi qiymətləndirmişdi. Növbədənkənar parlament seçkilərinə marağın artmasının kökündə də iqtidarın ənənəvi siyasi kursuna korrektələr etmək barədə yayılan infromasiyalar idi.

Lakin növbədənkənar parlament seçkiləri əks-effekt verdi. Seçkilərdə baş verən qanun pozuntuları nəinki müxalifət, hətta müstəqil ictimai fəallarla iqtidar arasında dərin uçuruma səbəb oldu. Görünür, hakimiyyət də bunun fərqindədir. Bu baxımdan, siyasi islahatlar kontekstində müxalifətlə görüşlərə start verilib. İqtidarın siyasi açılımlara getmək növbəti cəhdinin necə nəticələnəcəyini isə zaman göstərəcək.

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …