Cümə , 19 Aprel 2024
Drone Cameras

Ağ Evdən “kökə və qamçı” siyasəti: Ərdoğan ABŞ-dan nə ilə dönəcək?

Natiq Miri: “Ərdoğanın ABŞ səfərində ilk olaraq Suriya məsələsi ciddi müzakirə predmeti olacaq”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla görüşəcək. Tərəflər bununla bağlı razılığa gəliblər. Belə ki, prezidentlər bu günlərdə telefonla danışıb və noyabrın 13-də Vaşinqtonda görüşə qərar veriblər. Qeyd edək ki, telefon danışığına qədər sözügedən görüşün təxirə düşəcəyi də istisna edilmirdi. Hətta əvvəl Ərdoğan Trampla telefon danışığının nəticəsindən asılı olaraq ABŞ-a səfərinə dair yekun qərar verəcəyini bildirmişdi.

Maraqlıdır, görüşdən nələri gözləmək olar? Prezidentlər hansı məsələlər ətrafında müzakirə aparacaq?

“Cümhuriyət” qəzetinə açıqlamasında politoloq Natiq Miri bildirib ki, Türkiyə ilə ABŞ arasındakı münasibətləri gərginləşdirmək istəyən çox böyük şəbəkə mövcuddur:

“Bu şəbəkə ABŞ-da fəaliyyət göstərir və Türkiyəni cəzalandırmaq istəyir. Bu şəbəkənin həm Konqresdə, həm Pentaqonda, həm də digər strukturlarda olduğu bəllidir. Türkiyənin “Sülh Çeşməsi” əməliyyatı zamanı həm meydanda, həm də masada qazandığı uğurları qəbul etməyən bu şəbəkə dərhal hərəkətə keçdilər. Hətta aprel ayını belə gözləmədən qondarma erməni soyqırımı qətnaməsini qəbul etdirdilər. Baxmayaraq ki, əməliyyatın dayandırılması istiqamətində Türkiyə ilə ABŞ arasında 13 maddəlik razılaşma mövcud idi. Bu anlaşmada ABŞ Türkiyəyə qarşı sanksiyaların dayandırılması öhdəliyi götürmüşdü. Buna rəğmən Konqresin alt qurumu olan Nümayəndələr Palatası Türkiyəyə qarşı sanksiyaların tətbiq olunması ilə bağlı qərar qəbul etdi. Bunun özü də bir daha göstərir ki, ABŞ bir mərkəzdən, bir siyasi komanda tərəfindən idarə olunmur. Tramp adminstrasiyası isə hadisələrin bu cür gedişinin əleyhinədir. Çünki həm Dövlət Departamentində, həm də Tramp adminstrasiyasında başa düşürlər ki, bu cür davranışlar-sanksiyaların qəbul edilməsi, qondarma erməni soyqırımının ortalığa atılması NATO müttəfiqi olan Türkiyə ilə münasibətləri çox ciddi şəkildə zədələyəcək. Bu da münasibətləri gərgin müstəviyə daşımaqla bərabər həm də Türkiyə-NATO münasibətlərinə ciddi xələl gətirəcək. Bu, təkcə ABŞ-Türkiyə münasibətlərinə zərbə vuran amil deyil. Bu da bütövlükdə Avroatlantik məkanın vahid hərbi gücü olan NATO-nun bütövlüyünü sual altına salır. Bu gün NATO-ya üzv olan ölkələr arasında Türkiyənin cəzalandırılması, hətta hərbi blokdan çıxarılması təklif olunur. Bu fikirlər səslənirsə, artıq beynəlxalq ictimaiyyətdə bu fikri legitimləşdirmək məqsədi daşıyır. Gələcəkdə bu cür məsələlər Türkiyəyə qarşı təzyiq forması kimi istifadə olunacaq”.

Politoloq hesab edir ki, ABŞ Türkiyə ilə hesablaşmağa məcburdur:

“Bu gün ABŞ admistrasiyası da başa düşür ki, əgər Türkiyə ilə münasibətləri gərgin müstəviyə daşıyarsa, bu, Türkiyəni NATO-dan uzaqlaşdıraraq digər dünya güclərinə yaxınlaşdıracaq. Əslində, ortada bu cür faktlar da mövcuddur. Bunu ən azından Suriyada Türkiyə-Rusiya yaxınlaşması ilə müşahidə etdik. Türkiyənin Rusiyadan “S-400” havadan müdafiə sistemlərinin və 5-ci nəsil qırıcı təyyarələrin alınması prosesini müşahidə edirik. Bu faktlar özü göstərir ki, Türkiyə ABŞ-ın səhvləri ucbatından NATO-dan sürətlə uzaqlaşır. Ərdoğanın dediyi kimi, Türkiyə üçün hər məsələdə alternativlər mövcuddur. Çünki Türkiyə NATO-nun cənub sərhədlərini qoruyan tək güclü dövlətdir. Əgər Türkiyə NATO-dan çıxarsa, bu hərbi alyansın cənub sərhədlərinin tamamilə zəifləməsi deməkdir. Çünki Türkiyənin olduğu bölgəni başqa heç bir dövlət qoruya bilməz. Bu gün həmin bölgələrdə Türkiyəyə alternativ ölkə olduğunu demək mümkün deyil. NATO-nun cənub sərhədlərini qoruyacaq ikinci bir ölkə bölgədə mövcud deyil. ABŞ bunu yaxşı bilir və ona görə də Türkiyəni özündən uzaqlaşdırmamaq üçün bəzi problemləri həll etmək istəyir. Düşünürəm ki, Ərdoğanın ABŞ səfərində ilk olaraq Suriya məsələsi ciddi müzakirə predmeti olacaq. Çünki Türkiyə-ABŞ razılaşmasına baxmayaraq, təhlükəsiz bölgə və onun ətrafında hələ də PKK/YPG terrorçuları mövcuddur”. 

Prezidentlərin müzakirə edəcəyi məsələlərə gəlincə isə Natiq Miri hesab edir ki, burada bir çox geosiyasi, o cümlədən yeni nəsil silahların alınması və iki ölkə arasındakı ticarət imkanlarının artırılması məsələsi gündəmdə olacaq:

“ABŞ Türkiyə ilə əldə etdiyi razılaşmada terrorçularda olan silahların toplanması vədi vermişdi. ABŞ bunu da yerinə yetirmədi, əksinə, İraqdan keçərək Suriyada PKK/YPG terrorçularına iri yük maşınları ilə dolu silah göndərildi. Bu faktın özü də göstərir ki, ABŞ prezidentinin istəyinə rəğmən razılaşmaya zidd gedən, prezidentin qərarlarını icra etməyən qüvvələr mövcuddur. Bu qüvvələr isə təkcə Konqresdə deyil, Pentaqonda da var. Hesab edirəm ki, prezidentlərin görüşündə bu məsələlər də ciddi müzakirə predmeti olacaq. Prezidentlərin digər müzakirə edəcəyi məsələ isə Suriyanın gələcəyi ilə bağlı yaradılan koalisyada ABŞ-ın dəstəklədiyi kürd qüvvələrinin olmaması ilə bağlıdır.

Türkiyə ABŞ və Rusiya ilə masada çox böyük uğur əldə etdi. Amma ABŞ və Rusiya arasında da gizli razılaşmaların olduğunu bir sıra Proseslərdə müşahidə edirik. Düşünürəm ki, bu oyunu pozmaq üçün də Türkiyə prezidenti Trampla danışıqlar aparacaq.

Türkiyə-ABŞ arasında olan ticarətin 100 milyard dollara çatdırılması ilə bağlı razılıq əldə olunduğuna görə buna riayət olunması və bu istiqamətdə fəaliyyətə keçilməsi ilə bağlı da ciddi müzakirələr aparılacaq. Türkiyənin yenidən F-35 qırıcı təyyarələrin istehsal prosesinə qaytarılması, “Patriot” havadan müdafiə raketlərinin alınması məsələsi də prezidentlərin görüşündə müzakirə predmeti olacaq. Çünki bu məsələdən ciddi bir çözüm ortaya çıxmasa düşünürəm ki, Türkiyə alternativləri dövriyyəyə buraxacaq. Bu alternativlər isə Türkiyənin yenidən Rusiya bazarına üz tutması və “Su-35”, “Su-57” qırıcı təyyarələrini almasıdır”.    

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …