Dövlət satınalmalarının vahid internet portalındakı məlumata görə, Ağdamda yeni yaşayış massivinin inşa edilməsi üçün 2 ədəd tender keçirilib. Hər iki tenderin qalibi də “Diler İnşaat” QSC olub.
Qalib şirkət bu iliin avqust-noyabr aylarında Ağdamda yaşayış massivinin salınması üçün keçirilən birinci müsabiqədə 7.818.565,07 AZN, ikinci müsabiqədə isə 8.050.336,09 AZN vəsait alacaq.
“Diler İnşaat” QSC 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Hazırda nizamnamə kapitalı 2010 manat olan şirkət Bakının Yasamal rayonu, Moskva Prospekti, ev 73A ünvanında qeydiyyatdadır. Şirkətin qanuni təmsilçisi isə Elxan Füzuli oğlu Süleymanovdur.
Şirkət yaşayış və qeyri-yaşayış obyektlərinin tikintisi və təmiri ilə yanaşı tikinti materiallarının satışı və distribusiyası ilə də məşğuldur. Şirkət ölkənin tanınmış “Trump Tower”, “Flame Towers”, “Socar Tower”, “Port Baku Towers”, “Dəniz oteli Crescent Hotel”, “Dəniz Mall” kimi layihələrin tikintisində də iştirak edib.
Kommersiya qurumlarının dövlət reyestri məlumatlarına əsasən şirkət “ORXAN 1989” MMC adı ilə təsis edilib. Daha sonra “Diler İnşaat” MMC, sonra da “Diler İnşaat” QSC olaraq dəyişdirilib.
Şirkətin saytında rəhbər kimi Orxan Quluzadə göstərilib. 1989-cü il təvəllüdlü Orxan Quluzadə deputat Ülvi Quliyevin oğludur. Ülvi Quliyev 5-ci dəfə, yəni 20 ildən artıqdır ki, deputat kimi parlamentdə təmsil olunur.
Orxan Quluzadə bundan əlavə “Loğman Farm” MMC adlı şirkətin də təsisçisidir. Həmin şirkət də satınalmalar portalında qeyd olunana görə bir neçə dəfə tenderlərin qalibi elan edilib.


Boyukmillet.com Biz yanmasaq vətən yanar
