Azərbaycan Gənclər Fondu və “İrəli” İctimai Birliyinin dəstəyi, “ARB Media Qrup”un tərəfdaşlığı ilə “Ağıllı Qarabağı tanıyaq” layihəsinin icrasına başlanılıb.
Boyukmillet.com xəbər verir ki, layihə çərçivəsində baş tutan ilk məlumatlandırma sessiyası Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) keçirilib.
Tədbirdə dövlət qurumlarının nümayəndələri, media mənsubları və 100-ə yaxın gənc iştirak edib.
Tədbiri giriş sözü ilə açan ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayev sessiya iştirakçılarını salamlayaraq, onları layihəyə seçilmələri münasibətilə təbrik edib. O qeyd edib ki, universitet hər il mütəmadi qaydada bu və ya digər istiqamətlərdə həyata keçirilən tədbirlərə ev sahibliyi edir. Birliyin dəstəyi ilə baş tutan “Ağıllı Qarabağı tanıyaq” layihəsi də bu qəbildən olan tədbirlər sırasındadır. Hazırkı dövrdə ağıllı texnologiyalar haqqında maarifləndirmə tədbirlərinin olduqca önəmli olduğunu qeyd edən prorektor layihənin işində uğurlar arzu edib.
“İrəli” İctimai Birliyinin Mətbuat katibi, layihə rəhbəri Arif Rəhimli “Ağıllı Qarabağı tanıyaq” layihəsi çərçivəsində məlumatlandırma sessiyasının universitetdə keçirilməsinə görə ali təhsil müəssisəsinin rəhbərliyinə öz təşəkkürünü bildirib.
Diqqətə çatdırılıb ki, təşkilatın müxtəlif fəaliyyətlərində digər universitetlərlə yanaşı ADPU-nun tələbələri də aktiv iştirak edir. “Ağıllı Qarabağı tanıyaq” layihəsi müddətində gənclərin bu sahədə yeni biliklər əldə edəcəyini vurğulayan Arif Rəhimli gəncləri sual-cavab bölməsində aktiv iştirak etməyə səsləyib. Həmçinin bildirilib ki, layihə çərçivəsində daha bir neçə ali təhsil müəssisəsində məlumatlandırma sessiyaları keçiriləcək.
Daha sonra məlumatlandırma bölməsinə keçid edilib. Məlumatlandırma bölməsində Qarabağ Dirçəliş Fondunun Fandreyzinq və kommunikasiya şöbəsinin müdiri Pərvin Məmmədova və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Strateji təhlil, innovasiya və rəqəmsallaşma şöbəsinin əməkdaşı Elgün Vəliyev təqdimatlarla çıxış ediblər. Sessiya müddətində “Ağıllı şəhər” və onun əsas komponentləri, bu sahədə dünya praktikası, dünyanın bir sıra ölkələrində tətbiq olunan “ağıllı” texnologiyalar, habelə Qarabağın dirçəlişi prosesində “Ağıllı şəhər”lərin rolu və “Qarabağda urbisid” layihəsi haqqında geniş məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.
Tədbir gənclərin suallarının cavablandırılması ilə davam edib. Sonda məlumatlandırma sessiyasında iştirak edən gənclərə şəhadətnamələr təqdim olunub.
Qeyd edək ki, “Ağıllı Qarabağı tanıyaq” layihəsi Azərbaycan Gənclər Fondunun elan etdiyi “İdeyanı Reallaşdır 2022” Gənclərin Fərdi Layihələr Qrant Müsabiqəsi çərçivəsində keçirilir.