Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Ağsaqqal deputatlar növbədənkənar seçkiyə qatılacaqlarmı?

Növbədənkənar parlament seçkilərinin keçiriləcəyi xəbəri ortaya bir neçə sual çıxarıb. O suallardan biri belədir ki, Milli Məclisin tərkibi neçə faiz dəyişəcək? Yeni, gənc simalar orda təmsil olunacaqmı? Bir başqa sual müxalifətlə bağlıdır. Cəmiyyət hakimiyyətin siyasi rəqiblərinin qanunvericilik orqanında təmsilçiliyinin mümkün olub-olmayacağını maraqlı gözləyir.

Nəhayət, ən maraqlı sual: Milli Məclisin stajlı və yaşlı deputatları yenidən seçkiyə qatılacaqmı?

Globalinfo.az bu sualla bağlı ağsaqqal millət vəkilləri arasında sorğu keçirib.

Deputat Fəzail Ağamalı qarşıdan gələn parlament seçkilərində iştirak etmək niyyətində olduğunu bildirib:

“Ümumiyyətlə, Ana Vətən Partiyası (AVP) seçkilərdə aktiv iştirak etməyi planlaşdırır. Respublikamızın ən qədim partiyalarından biri kimi, bütün keçən seçkilərdə namizədliyimiz irəli sürülüb. 1995-ci ildən bu günə qədər 6 çağırışın hamısında iştirak etmişik. Ənənəyə sadiq olaraq qarşıdan gələn seçkilərdə də namizədliyimizi irəli sürəcəyik. Seçki elan olunduqdan sonra neçə nəfərin namizəd olacağı dəqiq bilinəcək”.

Aqil Abbas sualımıza dəqiq cavab verə bilməyəcəyini deyib:

“Seçki öncəsi Qarabağa, öz elimizə, yurdumuza gedəcəm. Əgər məsləhət bilsələr, qatılacam, bilməsələr yox”.

Ən yaşı deputatlardan olan Ziyad Səmədzadə bu haqda dəqiq bir söz deməyin çətin olduğunu bildirib:

“Bu gün iclas baş tutacaq. Açığı, bununla bağlı hələ fikirləşməmişəm. Görək, necə edirəm”.

VHP sədri Sabir Rüstəmxanlı hələ qərar vermədiklərini açıqlayıb:

“Bu barədə partiyamız hələ müzakirə aparacaq. Yəqin ki, qərarımız bir həftə, uzağı 10 günə hazır olar. Ümumi vəziyyətə baxdıqdan sonra kimlərin namizədliyini irəli sürəcəyi məlum olacaq. İndiyə kimi parlamentdə partiyamızdan 3 nəfər deputat olub. Çalışacağıq ki, bu rəqəm azalmasın”.

Azərbaycanda Rus İcmasının sədri, deputat Mixail Zabelin hazırda Rusiyada olduğunu bildirib:

“Biz bir neçə deputatla Moskvada tədbirdəyik. Bakıya bazar ertəsi qayıdacağıq. Seçkilərlə bağlı rəsmi açıqlama verildikdən sonra nəsə deyə bilərəm. İndi bir söz demək üçün tezdir. Bu gün Milli Məclisdə iclas keçiriləcək. Yəqin Bakıya qayıtdıqdan sonra bir qərar verərik”.

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …