Cümə axşamı , 30 Yanvar 2025
Drone Cameras

Aİ-nin Ermənistandakı missiyasının müddəti daha iki il uzadıldı

Bu müddət üçün büdcədən 44 milyon avrodan çox vəsait ayrılacaq

Avropa İttifaqı Şurası Avropa İttifaqının Ermənistandakı missiyasının (EUMA) mandatını daha iki il uzadıb.

Bu barədə yanvarın 30-da Avropa İttifaqı məlumat yayıb.

Təşkilat missiyanın vaxtının 2025-ci il fevralın 19-dan 2027-ci il fevralın 19-dək uzadılması ilə bağlı qərar qəbul edib.

Həmçinin bəyan edib ki, bu müddət üçün büdcədən 44 milyon avrodan çox vəsait ayrılacaq.

Bildirilir ki, missiya Aİ-nin regionda sülh və sabitliyi dəstəkləmək səylərinin mühüm tərkib hissəsidir:

“Missiyaya yerdəki vəziyyəti müşahidə etmək və hesabat vermək, münaqişədən təsirlənmiş ərazilərdə insan təhlükəsizliyinə töhfə vermək və imkan daxilində Ermənistan və Azərbaycan arasında etimadın yaradılmasına dəstək vermək tapşırılıb. Missiyanın mandatlı vəzifələri dəyişməz olaraq qalır. EUMA silahsız mülki missiyadır və qalacaq”.

Markus Ritterin rəhbərlik etdiyi missiya beynəlxalq və yerli işçilər də daxil olmaqla 200 nəfərdən ibarətdir.

Missiyanın müşahidəçiləri və mülki ekspertlər Aİ üzvü olan 25 dövlətdən və sülhə töhfə verən üçüncü dövlətdən – Kanadadan gəlirlər.

Avropa İttifaqının Azərbaycanla Ermənistan sərhədindəki Müşahidə Missiyası 20 fevral 2023-cü ildən fəaliyyətə başlayıb.

Azərbaycan tərəfi dəfələrlə müşahidə missiyasının fəaliyyətindən narazılıq edib. Həmçinin Rusiya və İran rəsmiləri də missiyanı kəşfiyyat məlumatları toplamaqda ittiham ediblər, ancaq Avropa İttifaqı və rəsmi Yerevan bu iddiaları rədd ediblər.

Azərbaycanla Ermənistan arasında nə baş verib?

Ermənistanla Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb.

2020-ci ilin sentyabrında isə uzunmüddətli atəşkəsdən sonra Azərbaycan və Ermənistan arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.

Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.

Sentyabrın 28-də separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.

O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.

Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndi şəhərinə səfər edib.

Prezident Xankəndidə Azərbaycan bayrağını qaldırıb və çıxış edib.

Çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.

Azərbaycan və Ermənistan arasında hələ də sülh müqaviləsi imzalanmayıb.

Check Also

İlham ƏIiyev Donald Trampa başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa Vaşinqton şəhəri yaxınlığında sərnişin təyyarəsinin hərbi helikopter …