Çərşənbə , 24 Aprel 2024
Drone Cameras

Alban-udi xristian dini icması üçün təşkil edilən “Xristianlıq” tədris kursu başa çatıb

Azərbaycan İlahiyyat İnstitutunun 2021/2022-ci tədris ilində Alban-udi xristian dini icması üçün təşkil etdiyi “Xristianlıq” tədris kursu başa çatıb.
Boyukmillet.com xəbər verir ki, iyulun 17-də Qəbələ rayonunun Nic qəsəbəsindəki “Cotari” Alban-udi kilsəsində kursu müvəffəqiyyətlə bitirənlərə sertifikatların təqdim edilməsi münasibətilə tədbir keçirilib. Tədbirdə Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, Alban-udi xristian dini icmasının sədri Robert Mobili və icma üzvləri iştirak ediblər.
Tədbirdə çıxış edən Aqil Şirinov Azərbaycan dövlətinin tək müsəlman dini irsinə deyil, eyni zamanda, xristian dini irsinə də sahib çıxdığını vurğulayıb. Rektor Prezident İlham Əliyevin hər il müsəlman və qeyri-müsəlman dini icmalarına maddi vəsait ayırdığını, yalnız müsəlman məbədlərinin deyil, həmçinin qeyri-müsəlman, xristian və yəhudi məbədlərinin də təmir edildiyini, tikildiyini diqqətə çatdırıb. Qeyd edilib ki, Qarabağda ermənilər yalnız müsəlman məbədlərini deyil, həmçinin xristian məbədlərini də məhv ediblər. Bütün bunlar erməni vəhşiliyinin bariz sübutudur.
Rektor bildirib ki, Azərbaycan İlahiyyat İnstitutu yeganə ali dini təhsil müəssisəsi olaraq, yalnız müsəlman dini icmalarla deyil, eyni zamanda, qeyri-müsəlman dini icmalarla da sıx əlaqədə çalışır, onlara dini tədris sahəsində öz dəstəyini göstərir. Aqil Şirinov bu dəstəyin əyani nümunəsi olaraq, İlahiyyat İnstitutunun Alban-udi xristian dini icması ilə birlikdə “Xristianlıq” kursu təşkil etdiyini, bundan sonra da icma ilə əlaqələrin genişləndiriləcəyini, bu kimi tədris kurslarının keçiriləcəyini diqqətə çatdırıb.
Alban-udi xristian dini icmasının sədri Robert Mobili çıxış edərək, tədris kursunun təşkilinə göstərdiyi dəstəyə görə İlahiyyat İnstitutunun rəhbərinə təşəkkürünü bildirib.
Sonda kursu müvəffəqiyyətlə bitirən müdavimlərə sertifikatlar təqdim edilib.

   

Check Also

Adil Kərimli: Qırğızıstan mədəniyyəti günlərinin keçirilməsi ölkələrimizin əlaqələrinin genişlənməsinə xidmət edir

Azərbaycanda Qırğızıstan mədəniyyəti günlərinin keçirilməsi ölkələrimizin əlaqələrinin genişlənməsinə xidmət edir. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın …