Ali Məhkəmə Lerik Rayon İcra Hakimiyyətinin (RİH) başçısının Siyov kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Heydərov Bilal Güloğlan oğlu barəsində qərar elan edib.
Boyukmillet.com xəbər verir ki, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin kassasiya şikayəti dəyişdirilib.
Belə ki, məhkumun əməli Cinayət Məcəlləsinin (CM) 178.2.3-cü (Dələduzluq, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) maddəsindən həmin Məcəllənin 178.1-ci (Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə) maddəsinə tövsif olunub.
Qərarda qeyd edilib ki, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən B.Heydərovun CM-nin 178.1-ci maddəsi ilə cəza təyin edilməyib.
İttihama görə, B.Heydərov Lerik RİH-in başçısının Siyov kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi vəzifəsində işlədiyi zaman öz qulluq mövqeyindən istifadə edib.
Belə ki, o, 2013-cü ilin yayında rayonun Akuşapeştə kənd sakini Ağayev Mirverdi Rəzzaq oğlunu aldadıb etibarından sui-istifadə edərək gəlini üçün ünvanlı sosial yardım təyin etdirə biləcəyi vədini verib. Daha sonra B.Heydərov verdiyi vədə əməl etməyib və zərərçəkmişə qarşı 1 925 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq edib.
Lerik Rayon Məhkəməsinin hökmü ilə o, 1 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 000 manat məbləğində cərimələnib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Şirvan Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib. Daha sonra B.Heydərov kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.