Cümə , 29 Mart 2024
Drone Cameras

Almaniyada sığınacaq almaq xatirinə öz üstünə hətta erməni adı götürən üzdəniraq azərbaycanlılar – rüsvayçı fakt…

İsmayıl Ağayev: “Bu, bir tayfanın, nəslin adına xələl gətirmək deməkdir”

Almaniya Polisi tərəfindən aparılan əməliyyatlar nəticəsində Azərbaycan əsilli vətəndaşların saxta mühacir biznesinə görə saxlanması bu mövzunu daha da aktual edib.

Hazırda Almaniyada mühacir həyatı yaşayan jurnalist Fərahim İlqaroğlu Azərbaycandan mühacir axını ilə bağlı olduqca ciddi faktlar açıqlayıb. O bildirib ki, hətta elə soydaşlarımız var ki, özünü erməni adlandıraraq status almaq istəyir: “Son iki-üç ildə Azərbaycandan Almaniyaya “Sumqayıt ermənisi”, “Gəncə ermənisi”, “Ordubad ermənisi” adı ilə gələn azərbaycanlılar həddən artıq çoxalıb. Təbii ki, onların heç biri erməni deyil və Azərbaycan türküdürlər, heç erməni dilini də bilmirlər”.

F.İlqaroğlu bildirib ki, özünü erməni kimi təqdim edən həmin şəxslər müəyyən kurslara gedərək, erməni dilini ibtidai səviyyədə öyrənirlər ki, erməni olduqlarına kimlərisə inandırsınlar:

“Onlar bildirirlər ki, guya erməni olduqlarına görə Azərbaycanda təzyiqə məruz qalırlar. Almaniyada erməni diasporu, Avropanın digər ölkələrində olduğu kimi, burada da çox güclüdür. Həmin azərbaycanlılar külli miqdarda pul xərcləyərək, erməni diasporundan dəstək məktubları alırlar və bu yolla yaşamaq icazəsi əldə edirlər.

Təbii ki, həmin şəxslərin kimlik bilgiləri ilə bağlı məlumatlar səhv olur. Onlar adətən erməni ad və soyadları götürürlər. Milli pasportlarını buradakı miqrasiya idarələrinə təqdim etmirlər ki, onların şəxsiyyətləri müəyyənləşdirilə bilməsin. Həmin şəxslər Almaniyaya normal viza alaraq gəlmirlər, qaçaq yollarla – gəmilər, TIR-lar vasitəsilə gəlirlər ki, ad-soyadları bilinməsin, sənəd istənilməsin, əsl kimlikləri üzə çıxmasın: guya Azərbaycanda təzyiqlərdən “gizli yolla” qaçıblar və sənədlərini də götürməyiblər”.

F.İlqaroğlunun sözlərinə görə, Almaniyadan bu şəkildə sığınacaq almağa gələnlərin içində bircə erməni də tapmaq olmur: “Bu məsələni ölkə mətbuatının gündəminə daşımaq lazımdır. Çünki bu heç də adi bir məsələ deyil. Təbii ki, Sumqayıtda, Gəncədə erməni ad-soyadı ilə yaşayan ermənilər var. Ancaq Almaniyaya sığınacaq almağa gələn və özünü erməni kimi təqdim etmək istəyənlərin hamısı azərbaycanlılardır”.

Göründüyü kimi, jurnalist olduqca ciddi detallara toxunur. Konkret faktlar əsasında ortaya dəlillər qoyur ki, saxta mühacir adı almaq üçün özünü erməni kimi qələmə verən soydaşlarımız da var. Onların ifşa olunması, yalanlarının üstünün açılması üçün həmin ölkədəki səfirliyimiz, diasporumuz hansı işləri görməlidir?

  • “Cəmiyyətdə çox az adam olar ki, erməni adını üstünə götürməyin ictimailəşməsinə tab gətirə bilsin”

Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki,  bu bizim çox ağrılı yerimizdir: “Bu hal soydaşlarımız arasında kütləvi şəkildə baş vermir. Çox az faizi əhatə edə bilər. Təəssüflər olsun ki, vətəndaşlarımızın arasında hətta özünü də satıb, mühacir olmaq istəyənlər də var. Bu hal bilirsiniz niyə yaşanmağa başlayıb? Əvvəl belə tendensiya vardı ki, ancaq müxalif fikirli adamlara orada sığınacaq verirlər. Son günlər şahidi oldunuz ki, artıq yerli polis bu cinayətlərin üstünü açır. Buna görə də bəzi şəxslər arqumentlərini tam əsaslandırmaq üçün hətta özlərinə erməni adını belə qoyurlar. Artıq o hal gəlib ki, mən ailənin-uşağın yanında kompyuter və ya telefonla xəbərləri izləyə bilmirəm. Haranı açırsan  söyüş eşidirsən. Bunlar da bilirsiniz kimdir? Əksəriyyəti Avropada sığınacaq alan şəxslər. Götürək ki, onlar özlərini erməni kimi qələmə verib orada oturum almayıblar. Yaxşı, onların etdiyi hərəkətə hansı adı verə bilərik? Bəyəm onların etdikləri hərəkətin adı özünü erməni kimi qələmə verməkdən yaxşıdır? Hərdən fikirləşirəm ki, bu insanlar belə tərbiyəsiz söyüşləri hardan və necə öyrəniblər? Bunlar özlərini açıb ortaya qoyublar, hamı da görür. Sizin dediyiniz kateqoriya isə özünü erməni kimi gizli qələmə verir. Düşünürlər ki, bunu heç kim bilməyəcək, asanlıqla öz istəklərinə nail olacaqlar. Belə kateqoriyalı adamlarla bağlı ictimai qınaq güclənsə, sizi inandırım ki, bir də ömründə bu addımı atmazlar. Onlar bütün nəsilliklə ora getməyiblər ki… Burda da doğmaları, qohumları var. Təsəvvür edin ki, burda biri bilir ki, qardaşı gedib özünü erməni kimi qələmə verib. Bu, bir tayfanın, nəslin adına xələl gətirmək deməkdir. Bizim diasporumuz, səfirliyimiz həmin ölkələrdə fəal olmalıdır ki, belə faktları aşkarlaya bilsin. Yalnız ictimai qınaqla biz bu halın qarşısını ala bilərik. Cəmiyyətdə çox az adam olar ki, erməni adını üstünə götürməyin ictimailəşməsinə tab gətirə bilsin. Hər yerdə üzləşəcəyi ictimai qınağı bilən şəxslər maksimum bu üsullardan uzaq olmağa çalışacaqlar. İndi görürlər ki, proses gizlin aparıla bilir, ona görə həmin addımları atırlar”.

Məhəmmədəli QƏRİBLİ

Check Also

Qırmızı dənizdəki vəziyyət Avropa-Cənubi Koreya yük daşımalarının qiymətini 40 faiz bahalaşdırıb

Qırmızı dənizdəki təhlükəsizliklə bağlı yaranmış vəziyyət Cənubi Koreyadan Avropaya və əksinə istiqamətdə dəniz yolu ilə …