Cümə , 5 Dekabr 2025
Drone Cameras

“Amnesty International” Mətbuat günü ərəfəsində Azərbaycana tələblər irəli sürüb

“Amnesty International” insan haqları üzrə beynəlxalq qeyri-hökumət təşkilatı Azərbaycanda 22 iyul – Milli Mətbuat günü ilə əlaqədar  “Azərbaycan: Redaksiyadan məhbəsə. Müstəqil Jurnalistlərin Təqibi”  adlı hesabat dərc edib. 

Hesabatda bildirilir ki, son illərdə Azərbaycanda onlarla jurnalist saxta ittihamlarla həbs edilib, ədalətsiz məhkəmə prosesləri, işgəncələr barədə məlumatlar artmaqdadır və bu da beynəlxalq təşkilatların ciddi narahatlığına səbəb olub:

“Son bir il ərzində hökumətin sərt repressiv siyasəti nəticəsində onlarla jurnalist saxlanılıb, müstəqil media qurumları isə ya bağlanıb, ya da fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb. Bu vəziyyət həm yerli, həm də beynəlxalq insan hüquqları təşkilatlarının ciddi narahatlığına səbəb olub”.

Hesabatda o cümlədən AbzasMedia, Toplum TV və Meydan TV-nin hazırda həbsdə olan əməkdaşlarından da bəhs edilir.

Azərbaycanda hazırda 30-a yaxın jurnalist qaçaqmalçılıq, vergidən yayınma və digər ittihamlarla həbsdədir. 

Jurnalistlər ittihamları peşə fəaliyyətləri və tənqidi jurnalistika ilə əlaqələndirirlər.

Azadlıq Radiosunun jurnalisti, iqtisadçı Fərid Mehrəlizadə də daxil olmaqla, AbzasMedia-da çalışan jurnalistlərə qarşı korrupsiya araşdırmaları ilə bağlı cinayət işi üzrə məhkəmə hökmü bu ilin iyununda çıxarılıb. Onlar 7 il yarımdan 9 ilədək azadlıqdan məhrum ediliblər.

“ToplumTV işi” üzrə məhkəmə prosesi hələ davam edir.

Meydan TV-yə qarşı isə istintaq mərhələsi gedir və hələlik məhkəmə olmayıb.

Hakimiyyət təmsilçiləri ölkədə siyasi motivli həbslərin olmadığını bildirir.

İyulun 21-də isə Prezident İlham Əliyev Milli Mətbuat Günü ərəfəsində onlarla media nümayəndəsini müxtəlif orden və medallarla təltif edib.

Hesabatda həm də həbs olunan jurnalistlərin ağır şəraitdə saxlanıldığı qeyd edilir. Onlar təcrid kamerasında uzun müddət izolyasiyada qalır, vəkilləri ilə görüşdən məhrum edilir, bəziləri isə işgəncələrə məruz qalır. Ombudsman aparatına və beynəlxalq təşkilatlara edilən şikayətlərə baxmayaraq, cəzaçəkmə müəssisələrində şərait dəyişməz qalır.

“Müstəqil media rəhbərlərinin və əməkdaşlarının çoxu ciddi sağlamlıq problemlərindən əziyyət çəkir. Onlardan biri, Kanal 13 rəhbəri Əziz Orucov, yüksək təzyiq və ürək xəstəliyindən əziyyət çəkir. Ələsgər Məmmədlinin qalxanabənzər vəzi şişi diaqnozu qoyulub, lakin əlavə müayinələrə icazə verilməyib. Hafiz Babalı isə varikoz xəstəliyi ilə bağlı əməliyyat olunmaq üçün aylarla gözləyir”.

Təşkilat hakimiyyəti tənqid etdiklərinə görə siyasi motivli ittihamlarla saxlanılan və ya həbs olunan bütün jurnalistlərin dərhal və qeyd-şərtsiz azad edilməsini, onlara qarşı çıxarılmış hökm və ittihamların ləğv olunmasını tələb edib. 

Bildirilib ki, jurnalistlər və digər saxlanılan şəxslər azad olunana qədər onlara adekvat tibbi yardım göstərilməli, qəddar, qeyri-insani və ləyaqəti alçaldan rəftar və ya cəzalara dərhal son qoyulmalıdır:

“Həmçinin saxlanma zamanı işgəncə və pis rəftarla bağlı bütün iddialar dərhal və obyektiv şəkildə araşdırılmalı, bu hüquq pozuntularına görə məsuliyyət daşıyan şəxslər ədalətli məhkəmə yolu ilə cəzalandırılmalıdır. Vətəndaş cəmiyyətinə və müstəqil mediaya qarşı təzyiqlər, jurnalistlərin və fəalların əsassız həbsi və təqibləri dayandırılmalı, beynəlxalq hüquqa və standartlara zidd olan hər cür məhdudiyyətlər aradan qaldırılmalıdır. Həbs edilmiş jurnalistlərin və hökumət tənqidçilərinin ailə üzvlərinə qarşı təzyiqlərə, o cümlədən onların maliyyə vəsaitlərinin əsassız şəkildə dondurulması praktikasına son verilməlidir”.

“Amnesty International” Azərbaycan hakimiyyətini insan hüquqlarının, xüsusilə ifadə, birləşmə və dinc toplaşma azadlıqlarının qorunmasına və onlara hörmət edilməsinə ictimai şəkildə sadiqlik nümayiş etdirməyə çağırır. Həmçinin “Media haqqında” qanunun ləğvi də tələb edilir.“Media haqqında” qanun – tarixçə

“Amnesty International” beynəlxalq ictimaiyyəti Azərbaycan hökuməti ilə bütün mümkün platformalarda insan hüquqları pozuntularını gündəmə gətirməyə çağırıb, beynəlxalq qurum və diplomatları həbsdə olan jurnalistlərə ziyarətlər təşkil etməyə və tənqidi səslərə, müstəqil mediaya qarşı təzyiqlərlə bağlı məlumatlılığı artırmağa çağırır.

Check Also

Mediada saxta məlumatların dərc edilməsinə yol verilməməsi haqqında yeni normalar təsdiqlənib

Prezident İlham Əliyev Azərbaycan mediasında saxta məlumatların dərc edilməsinə yol verilməməsinə dair yeni normaları təsdiqləyib. …