Türkiyə vətəndaşlığını almaq istəyənlərin sayı artıb
Təkcə ukraynalılar deyil, rus iş adamları da Türkiyədə daimi məskunlaşmaq istəyir
Türkiyə vətəndaşlığı üçün alınacaq daşınmaz əmlakın dəyəri artırılır.Müraciət üçün alınacaq daşınmaz əmlakın dəyəri 250 min dollardan 400 min dollara qaldırılacaq. Bu məsələ Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclasında müzakirə edilib. Vətəndaşlıq müraciəti üçün 400 min dollar və ya ekvivalent xarici valyuta məbləğində daşınmaz əmlak almaq kifayət etməyəcək. Qəbul edilən qərarın həyata keçirilməsi üçün Türkiyə Vətəndaşlığı Qanununun Tətbiqinə dair Əsasnaməyə dəyişikliklərin edilməsi gözlənilir.
Miqrasiya məsələləri üzrə ekspert Azər Allahverənovun “Şərq”ə verdiyi açıqlamaya görə, Türkiyə vətəndaşlığı üçün alınacaq daşınmaz əmlakın dəyərinin artırılması kəmiyyət yox, keyfiyyət önəmlidir prinsipinə söykənir:
“Yaranmış geosiyasi vəziyyətlə əlaqəli Türkiyə vətəndaşlığı almaq istəyən insanların sayında ciddi artım müşahidə edilir. Xüsusən də MDB məkanına daxil olan ölkələrin vətəndaşları öz bizneslərini Türkiyəyə köçürməkdə maraqlıdırlar.
Türkiyə ərazisində oturum izni alıb müvafiq qanuni əsaslarla yaşayan və müəyyən edilmiş dəyərdə mülkiyyət sahibi olan insanların vətəndaşlıq üçün müraciət etməsi qarşısıalınmaz bir prosesdir. Ona görə də Türkiyə hökuməti alınacaq daşınmaz əmlakın dəyərini artırmaqla öz maraqlarını qorumağa çalışır. Şərtlər asan olarsa tələblərə cavab verən bütün müraciətlər qeydə alınmalıdır və hər istəyən şəxsin Türkiyə vətəndaşlığını alması da sonradan ölkə üçün ciddi problemlərə yol aça bilər”.
Ekspertin fikrincə, Türkiyə öz ölkəsində maddi imkanları daha yüksək olan şəxslərin daimi məskunlaşmasını istəyir. Bir sıra Avropa ölkələrində bu təcrübə geniş yayılıb:
“Hökumət görür ki, Ukrayna-Rusiya müharibəsi davam etdiyi müddətdə vətəndaşlıq almaq üçün onlara müraciət edən şəxslərin sayı daha da artacaq. Tək Ukrayna deyil, Rusiya biznesmenlərinin də bir çoxu buna can atır. Hətta onlar sadəcə fərdi qaydada bütünlükdə müəssisələrini Türkiyəyə köçürmək niyyətindədir.
Bu prosesin yaxın perspektivdə daha da genişlənəcəyinə dair çox ciddi siqnallar da var. Türkiyə hökuməti də prosesdən maksimum yararlanmaq üçün vətəndaşlıq müraciəti üçün tələb olunan mülkiyyət dəyərini artıracaq”.