Şənbə , 20 Aprel 2024
Drone Cameras

Antitürk və müharibə ovqatı zəifləyir

Türkiyə ilə münasibətlərin qurulması erməni cəmiyyətində indi əsas tələb kimi səslənir

“Baş nazir Nikol Paşinyanın irəli sürdüyü “savaşmaq yerinə əməkdaşlıq” siyasətinin dəstəklənməsi Rusiyanın hərbi intriqalarının önlənməsi baxımından çox önəmlidir”Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Erməni Fondları İttifaqının sədri Bedros Şirinoğlunu qəbul edib. Mətbuata qapalı keçirilən görüş təxminən 45 dəqiqə davam edib. Təfərrüatlarla bağlı açıqlama verilməsə də, müzakirələrin Türkiyə-Ermənistan münasibətləri ilə bağlı olduğu vurğulanıb. Son günlər Türkiyə mediasında İrəvan-Ankara arasındakı yeni münasibətlərlə bağlı ardıcıl məqalələr dərc edilir.

Ümumiyyətlə, hər iki ölkənin diplomatik mənbələri baş verənlərlə bağlı qiymətləndirmələr aparırlar. 
Türkiyə ilə Ermənistan arasında keçiriləcək görüş üçün məkanın Ankara və İrəvan olmasını istədiklərini vurğulayırlar. Görüş üçün başqa ölkəyə ehtiyac olmadığını qeyd edirlər. Ermənistan və Türkiyə arasında normallaşma prosesində xüsusi nümayəndələrin ilk görüşü yanvarın 14-də Moskvada baş tutsa da, təmaslar barədə rəsmi İrəvanda müxtəlif fikirlər səslənməkdədir. Ermənistan iqtidarı və ümumilikdə böyük biznes nümayəndələri Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq istəklərini açıq şəkildə dilə gətirirlər. Bununla belə, fərqli fikirləşənlər də var.


 Məsələn, tarix elmləri doktoru Hayk Demoyan hesab edir ki, münasibətlər yalnız ticarətlə məhdudlaşmır və bu danışıqlardan Türkiyə öz maraqları üçün istifadə edəcək. Demoyana görə, danışıqların növbəti mərhələsində yeni şərtlərin ortaya çıxması perspektivləri var. Lakin bu perspektivlər arasında ümidverici detallar azdır: “Türkiyə ilə münasibətlərin koordinasiyası Ermənistanın vəziyyətini daha da pisləşdirir. Ermənistan və Türkiyə Xarici işlər nazirliklərinin xüsusi nümayəndələrinin ilk görüşünün yekunlarına dair bəyanatlarının eyni məzmunlu olması bunu sübut edir”.

Ermənistan Xarici İşlər Nazirliyinin məlumatına görə, xüsusi nümayəndələrin növbəti görüşü fevralın ortalarında İstanbulda baş tuta bilər. Ekspertlərə görə, Ermənistan və Türkiyə arasında gələcək diplomatik danışıqlar kontekstində risklər var. Birincisi, Ermənistan və Azərbaycan arasında gərginlik qaldığı üçün danışıqlar özlüyündə çox həssasdır. Ermənistan qüvvələri tərəfindən sərhəddə təxribatlar baş verir, dinc sakinlərin yaralanması halları davam edir. İkinci risk Türkiyədə yaxınlaşan seçkilərlə əlaqədardır ki, bu da normallaşma perspektivlərini ölkənin daxili siyasi vəziyyətindən asılı hala salır. Bununla belə mürəkkəb perspektivlərə baxmayaraq, nikbinlik də mövcuddur. 


Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli “Şərq”ə açıqlamasında bildirib ki, Azərbaycan ictimaiyyəti Türkiyə ilə münasibətlərin bərpa olunması adına atılan istənilən addımı dəstəkləyir. Partiya təmsilçisi vurğulayıb ki, Ermənistanla bağlı addımların müəyyən dərəcədə yumşalması vacibdir:


 “Biz qalib dövlətik. Qalib dövlət üçün bu cür addımların atılması normal qəbul olunmalıdır. İndiki halda ermənilər ictimai rəyi hazırlamağa daha çox üstünlük verəcəklər. Ermənilər azərbaycanlıların Şuşada, Qarabağda, Kəlbəcərdə olmasını da istəmirdilər. Amma artıq bu kimi istəklər öz əhəmiyyətini itirib. Çünki ermənilərin istəkləri əsas deyil. Burada onların məcbur olduğu davranışdan söhbət gedə bilər. Onlar da məcburdurlar ki, bu kimi məsələlərdə Azərbaycanın maraqlarını nəzərə alsınlar. Əks halda Ermənistana daha böyük zərbə dəyəcək. Bunu da ermənilər başa düşürlər.

Türkiyə ilə kommunikasiya əlaqələrinin və iqtisadi münasibətlərin qurulması Ermənistan cəmiyyətindəki antitürk ovqatını və müharibə aqressiyasını zəiflədəcək. Öz həyat şərtlərini təmin etmək istəyən sadə ermənilərin Türkiyə ilə əlaqələri ənənəvi stereotipləri zəiflədib müharibə təbliğatı aparanların sosial bazasını daraldacaq. Baş nazir Nikol Paşinyanın irəli sürdüyü “savaşmaq yerinə əməkdaşlıq” siyasətinin dəstəklənməsi Rusiyanın hərbi intriqalarının önlənməsi baxımından çox önəmlidir. Bu, birmənalı şəkildə Azərbaycanın da maraqlarına uyğundur”. 


S.Əsədliyə görə, ermənilər ərazi iddialarından imtina etməzsə, o zaman nə müqavilə, nə də sülh olar:

 “Ermənistan mütləq bu iddialardan imtina etməlidir ki, Azərbaycanla sülh sazişi imzalansın. Əks təqdirdə Ermənistan yenidən böyük problemlər yaşamalı olacaq. Türkiyə ilə münasibətlərin qorunması xalqın istəyi, tələbi olaraq Ermənistan siyasətində bir faktora çevriləcək. Bu da Azərbaycanın maraqlarına tam uyğundur. Türkiyə Ermənistana daha səmərəli təzyiq etmək imkanı qazanacaq”.

Check Also

DAK İdarə Heyəti toplandı: Təşkilatın güclənməsi üçün qərarlar verildi

Aprelin 14-də Dünya Azərbaycanlıları Konqresi İdarə Heyətinin onlayn toplantısı keçirilib. Azərbaycan, ABŞ, Türkiyə, Kanada və …